23 iyul 2010 19:00 (UTC +04:00)

Sos

Media işçiləri prezidentin mətbuatla bağlı son sərəncamına münasibət bildiriblər- SORĞU

Təltif olunan media təmsilçiləri xüsusilə jurnalistlərin mənzil probleminin həllinə dair sərəncamı yüksək qiymətləndirirlər

Azərbaycan milli mətbuatının 135 illiyi ilə bağlı prezident tərəfindən təltif olunan jurnalistlər dövlət başçısının yubiley münasibəti ilə imzaladığı sərəncamları yüksək qiymətləndirirlər.

“Əməkdar incəsənət işçisi” adı almış “525-ci qəzet”in redaktoru Yaşar Əliyev APA-ya açıqlamasında bütün jurnalistlər kimi son sərəncamlara münasibətinin müsbət olduğunu deyib. Y. Əliyev burada jurnalistlərin mənzil probleminin həlli ilə bağlı məsələnin xüsusi qeyd olunmasına ehtiyac görür: “Mətbuat Şurasının sədri Əflatun Amaşov bu məsələyə baxmağı günorta xahiş etmişdi, axşam artıq prezidentin fərmanı var idi və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev məsələnin müsbət həll olunduğunu və əməli işə keçdiyini bildirdi. Bu çox müsbət və gözlənilməz bir iş idi. Azərbaycanda ən kasıb təbəqələrdən biri jurnalistlərdir desək, yəqin ki, yanılmarıq. Onlar çox cüzi əmək haqqına bu ağır işdə işləyirlər. Bu gün jurnalistin öz vəsaiti ilə mənzil problemini həll etməsi qeyri-mümkündür. Jurnalist yeyib içməsə, aldığı əmək haqqı ilə özünə 100 ilə bir otaqlı ev ala bilər. Bu mənada jurnalistlərə mütləq dövlət qayğısı olmalıdır. Bu məsələ deyəsən öz həllini tapmaq üzrədir”.

APA -nın baş direktoru Vüsalə Mahirqızı bildirib ki, bu sərəncamlar arasında xüsusilə jurnalist cəmiyyətinin çoxdan gözlədiyi məsələnin həllinə - jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş, onların güzəştli şərtlərlə ev ala bilməsinə şərait yaradacaq sərəncam xüsusi qeyd edilməlidir: “Ümid edirəm ki, bizim növbəti peşə bayramlarımızda da bunun davamı olacaq və jurnalistlərimiz mənzil problemlərinin həllində əsaslı dönüş olacaq. Ümumilikdə, bu tədbirlər cəmiyyətə mesaj verdi. Bəzi qurumların hesabatlarında zaman-zaman səsləndirilirdi ki, Azərbaycan dövlətinin mətbuata münasibətində problem var. Bu da ümumilikdə cəmiyyətdə mətbuatın nüfuzunun aşağı olmasına səbəb olur. Amma keçirilən son tədbirlər onu göstərdi ki, əslində, dövlət mətbuata son dərəcə ciddi yanaşır və Azərbaycanda müstəqil mətbuatın bir institut olaraq formalaşmasında maraqlıdır. Ona görə də bunu mən əsas mesaj hesab edirəm”.

V. Mahirqızı bildirib ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşdə prezident onların fəaliyyətini yüksək qiymətləndirib: “Ən başlıcası, prezident Azərbaycan mətbuatına zərər vuran, mətbuatın nüfuzunun aşağı düşməsində mühüm amil olan “reket mətbuat”la mübarizə, “Diffamasiya haqqında” qanunun qəbul olunması ilə bağlı öz dəstəyini nümayiş etdirdi. Digər tərəfdən dövlət başçısı reklam bazarı, jurnalistlərin sosial müdafiəsi ilə bağlı fikirlərini bildirdi və bununla bağlı Mətbuat Şurasından yeni təkliflər gözlədiyini dedi. Bəzi həmkarlarımızın Mətbuat Şurasına qarşı belə qınağı var ki, biz problemləri demirik, danışmırıq. Amma problemlər danışmaq yox, həll etmək üçündür. Problemi danışmaq onu həll etmir. Uzun illərdir ki, Azərbaycan mətbuatında bir sıra adamlar problemlər barədə danışırlar, amma Mətbuat Şurası olaraq qurumun sədri İdarə Heyətinin iradəsini ifadə edərək prezident qarşısında çıxış etdi və jurnalistlərin sosial və peşə problemləri ilə bağlı təklifləri səsləndirdi. Atılan hər bir addım onun göstəricisidir ki, dövlət mətbuatın müstəqil olmasında maraqlıdır. İqtisadi asılılığı olmayan mətbuatın siyasi asılılığı da olmur. Mənim təklifim bundan ibarətdir ki, qarşıdakı 5 ildə mətbuatın müstəqil biznes sahəsinə çevrilməsinə çalışaq. Mətbuat daha çox reklamlar cəlb etməklə, normal reklam bazarı formalaşdırmaqla müstəqil şəkildə fəaliyyət göstərə bilər. Mətbuatın biznes strukturu kimi formalaşmasına nail olsaq, onda jurnalistlər özləri aldıqları maaş hesabına sosial problemlərini həll edə biləcəklər”.

V. Mahirqızı bildirib ki, prezidentin imzaladığı sərəncamlarda önəmli məqamlardan biri də təltiflər və birdəfəlik yardımlar verilərkən siyasi cinah fərqi qoyulmamasıdır: “Əvvəlki sərəncamlarda da belə olub. Çox sevindiricidir ki, bu dəfə də ənənə davam etdirilərək, iqtidar, müxalifət və müstəqil mətbuat arasında ayrı – seçkilik qoyulmadı. Bu, bir daha onu göstərir ki, ölkə başçısı mətbuatın bütün siyasi cinahların təsir dairəsindən çıxaraq, müstəqil fəaliyyət göstərməsinin tərəfdarıdır”.

“Tərəqqi” medalı ilə təltif olunmuş “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli prezidentin 135 illik yubileyi ilə bağlı imzaladığı sərəncamları mətbuatın inkişafına səbəb olacaq addımlar kimi qiymətləndirib. Baş redaktor deyib ki, bunlar eyni zamanda dövlətin mətbuata münasibətini ifadə edir: “Bu tədbirlər onu sübut edir ki, dövlət milli mətbuatın arxasındadır, inkişafında maraqlıdır. Eyni zamanda xüsusilə də jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı prezidentin sərəncamı media nümayəndələrinin əsas problemlərindən birinin aradan qaldırılmasına səbəb olacaq. Evsizlik jurnalistlərin gündəlik qayğılarının ortaya çıxmasına səbəb olur, eyni zamanda bu, yaradıcılıq potensialına mənfi təsir edir. Bütün bu prosesləri 135 illik yubileylə məhdudlaşdırmaq olmaz. Mətbuatın inkişafı ilə bağlı konseptual mərhələli tədbirlər həyata keçirilir. Bu da onu sübut edir ki, dövlət mətbuat və söz azadlığının qorunmasında maraqlıdır və bu prosesi öz gücü, potensialı hesabına irəli aparacaq”.

“Tərəqqi” medalı ilə təltif olunmuş “Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov bildirib ki, ölkə prezidenti milli mətbuatın yubileyi günündə jurnalistləri doğrudan da sevindirib: “Jurnalistlərin əksəriyyətinin mənzil problemi var və onlar kirayədə yaşayırlar. Dövlət başçısı sərəncamı ilə bu məsələyə də yardımçı oldu, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, onlar üçün yaşayış yerlərinin tikilməsi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrıldı. Təbii ki, mən dövlət başçısına məni “Tərəqqi” medalı ilə təltif etməsinə, “Ekspress” qəzetinə və eləcə də digər qəzet redaksiyalarına və informasiya agentliklərinə birdəfəlik maddi yardım ayırdığına görə minnətdarlığını bildirirəm. Bunlar önəmli yardımlardır. Dövlətin bu maddi dəstəyinin arxasında jurnalistləri ruhlandırma anlamında mənəvi qayğı var. Ən əsası da budur ki, bu yubiley jurnalistlər üçün sözün əsl mənasında bayram oldu. Dövlət başçısının bu sərəncamları, Mətbuat Şurasının binasının açılışındakı çıxışı onu göstərir ki, mətbuat dövlət rəhbərliyinin diqqətindədir”.

“Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüş Tofiq Abdin APA-ya açıqlamasında son sərəncamları müsbət dəyərləndirdiyini deyib: “Bu sərəncamlar xüsusilə jurnalistlərin sosial müdafiəsi baxımından önəmlidir. Hamı bilir ki, bizim jurnalistlərin sosial vəziyyəti yaxşı deyil. Mətbuatın inkişafı, onun istər gələcəyi və bu günü namuslu, qeyrətli jurnalistlərin özündən asılıdır. Heç bir sərəncamla heç bir jurnalist gözəl yazı yazmır. Sərəncamlar yalnız müəyyən problemlərin həllinə kömək edə bilər”.

“Tərəqqi” medalı ilə təltif olunmuş “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev jurnalistlərə fəxri adların, orden və medalların verilməsi, qəzetlərə yardımların ayrılması, mənzil tikintisi ilə bağlı maliyyə ayrılmasının Azərbaycan mətbuatını bu günə qədər narahat edən iki əsas probleminin həllində böyük rol oynayacağını bildirib: “Bu, jurnalistlərin maddi vəziyyəti və redaksiyaların texniki təminatı məsələsi və jurnalistlərin peşəkarlığının artırılması məsələsidir. Artıq cəmiyyətdə jurnalistikanın həqiqətən çox hörmətli bir peşə olduğunu dərk edənlərin sayı getdikcə artacaq. İmzalanan sərəncamlar həm mətbuatın öz problemlərini aradan qaldırmaqda böyük rol oynayacaq, həm də ümumən Azərbaycan üçün əhəmiyyətlidir. Bu sərəncamlar eyni zamanda həm dövlət, həm biznes, həm qeyri-hökumət təşkilatlarının və məmurların mətbuata münasibətinin dəyişməsində əhəmiyyətli rol oynayacaq. Bir sıra məmurlar mətbuata çox sayğısız yanaşır. Amma prezidentin bu sərəncamları bütün cəmiyyətə və o dövlət qurumlarının mətbuata münasibətinin dəyişməsində böyük rol oynayacaq”.

“Əməkdar jurnalist” fəxri adı ilə təltif olunan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Nəsir Əhmədli APA-ya bildirib ki, jurnalistlərin mənzil probleminin həlli ilə bağlı dövlət tərəfindən 5 milyon manat ayrılıb və o bu məbləğin daha böyük olmasını istəyir: “Mən istəyirəm ki, heç bir jurnalist evsiz qalmasın. Əgər jurnalistlərin ev şəraiti düzələcəksə, müəyyən dövlət yardımı alacaqlarsa, o zaman bu sərəncamlar mətbuatın inkişafına böyük kömək edəcək. Bu gün Azərbaycan mətbuatının əsas problemi iqtisadi problemdir. İqtisadi problem həll olunandan sonra qalan məsələlər də həll ediləcək”.

“Tərəqqi” medalına layiq görülmüş “Səs” İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev isə bildirib ki, Azərbaycanda mətbuatın inkişafı ilə bağlı sərəncamlar ümummilli lider Heydər Əliyevin zamanından başlayıb: “Mən Azərbaycanda mətbuatın inkişafının 1993-cü ildən başladığını düşünürəm. İlham Əliyev bu prosesi daha da modernləşdirib, daha da intensivləşdirib. Prezident sözsüz ki, vətəndaş cəmiyyətinin inkişafında böyük bir rol yerinə yetirən mətbuata daim dəstək göstərib. Dünyada Azərbaycan qədər mətbuata bu qədər diqqət göstərən ikinci bir dövlətin olduğunu düşünmürəm. Jurnalistlərin mənzil probleminin həlli üçün vəsait ayrıldı və mən əminəm ki, bu evlər tam peşəkar jurnalistlərə veriləcək. Biz bunları alqışlayırıq və bu addımın mətbuatın inkişafına böyük təsir göstərəcəyini düşünürəm. Bu addım həm də prezidentin dövlət strukturlarına bir mesajıdır ki, müxtəlif dövlət nümayəndələri mətbuata diqqəti artırsın”.

“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev jurnalistlərin mənzil problemi ilə bağlı sərəncamı çox yüksək qiymətləndirdiyini vurğulayıb. O, bu vaxta qədər belə bir addımın atılmadığını xatırladıb: “Bu reallaşsa, bütün həmkarlarımızın olmasa da, bir hissəsinin mənzil problemi həll oluna bilər. Bu, həvəsləndirici, stimullaşdırıcı bir addımdır. Yəqin ki, mətbuatın problemləri dövlət rəhbərliyinin diqqətinə çatdırılır. Gələcəkdə də problemlərin həlli üçün önəmli addımlar atılacaq. Təbii ki, jurnalistlərin təqib və təzyiqlərlə bağlı məsələ, reklam bazarı, media qurumlarının informasiya ilə təmin olunması və digər məsələlərlə bağlı addımların atılması xoş niyyətin ifadəsidir”.

Azərbaycan Mətbuat Şurasının Əflatun Amaşov isə APA-ya açıqlamasında bildirib ki, Azərbaycan mətbuatında artıq yeni bir mərhələ başlayıb. Bu vaxta qədər kütləvi informasiya vasitələrinə müəyyən formada yardımların olduğunu deyən Ə. Amaşov 2008-ci ildə KİV-ə Dövlət Dəstəyi konsepsiyası qəbul olunandan sonra dövlətin özünün iqtisadi gücünü artırdıqca mətbuata yardımları intensivləşdirdiyini vurğulayıb: “Son sərəncamların birində jurnalistlərin sosial məsələsinin qoyulması və mənzil tikilməsi üçün 5 milyon manatın ayrılması mənim dediklərimə bir sübutdur. Bu, aparılan siyasətin bir qolu, istiqamətidir. Artıq dövlət KİV-lərin maddi texniki bazasını möhkəmləndirməyə çalışmaqla, jurnalistlərin peşəkarlığını stimullaşdırmaqla eyni zamanda onların sosial problemlərinin həllinə də özünün marağını göstərdi. Mən elə bilirəm ki, uzun onilliklər boyu evsiz qalan, bu problemi mütəmadi olaraq müzakirə obyektinə çıxaran və bu vaxta qədər heç nə əldə etməyən jurnalistlər üçün yeni əhval ruhiyyə gətirdi”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680

Oxşar yazılar