Azay Quliyev: “Fəlakət tam sovuşmasa da, ciddi təlaşa ehtiyac yoxdur”
21 may 2010 10:00 (UTC +04:00)

Azay Quliyev: “Fəlakət tam sovuşmasa da, ciddi təlaşa ehtiyac yoxdur”

Kür çayında suyun səviyyəsinin hələ də yüksək olması ətraf bölgələr üçün təhlükə yaratmaqdadır. Təkrar fəlakət bölgəsində olan Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Şirvanı təmsil edən millət vəkili Azay Quliyev Lent.az-a müsahibəsində daşqınlarının qarşısının alınması istiqamətində ciddi işlər görüldüyünü söyləyir...

- Azay müəllim, Şirvanda vəziyyət necədir?

- Mən hazırda fəlakət bölgəsindəyəm. Mövcud vəziyyətlə tanış oldum. Şirvanın Bayramlı, Hacı Qəhrəmanlı, Çılpaqlı qəsəbələrində, Köhnə Şəhərdə və digər kür boyu ərazidə oldum. Kürün səviyyəsinin artması ilə bağlı vəziyyət kritik olaraq qalmaqdadır. Amma buna baxmayaraq, bizim olduğumuz yerlərdə bənd bərkitmə işləri çox yüksək səviyyədə həyata keçirilib. Ədalət naminə demək lazımdır ki, son bir neçə gündə görülən işlər müəyyən mənada təhlükəsizliyi təmin edə bilib. Görülən işlər çox ciddi təhlükənin qarşısını alıb. Məlum olduğu kimi, bir neçə gün öncə qeyd etdiyim , xüsusən İsmət Qayıbov parkından çox böyük təhlükə vardı. Bu təhlükənin qarşısı bənd qurma işləri ilə alınıb. Hesab edirəm ki, bütövlükdə təhlükə sovuşmasa da, vəziyyət kifayət qədər nəzarət alına bilib. Şirvanda vəziyyət ağır olaraq qalsa da hər hansı ciddi təlaşa, insanların evakuasiyasına ehtiyac yoxdur.
Təqdirə layiq haldır ki, cənab Prezidentin tapşırığına uyğun olaraq bütün aidiyyatı qurumlar tam səfərbər olunublar. Fəlakət bölgəsində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyinin qoşun hissələri, Daxili İşlər Nazirliyi, “Azərenerji” ASC və Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, əməkdaşları gecə-gündüz çalışır və mən deyərdim ki, əsl fədakarlıq nümayiş elətdirilər. Mən onların əməyini yüksək qiymətləndirirəm.

- Daha öncə daşqın təhlükəsi yaşanmış Bayramlı qəsəbəsində hansı işlər görülür?

- Bayramlı qəsəbəsində sakinlərlə görüşdüm. Onlar qəsəbədə yığılıb qalmış qrunt sularının təmizlənməsi prosesinin sürətləndirilməsini xahiş etdilər. Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının komandanı general İlham Abdullayevlə bu məsələ yerindəcə müzakirə olundu. Generalımız da sağ olsun, bütün məsələlərin diqqətdə olduğunu söylədi. Əlavə olaraq texnikanın, xüsusi nasosların da bölgəyə göndərilməsini təmin etdi. Orada müəyyən texniki məsələlər var. Kür çayına yaxın olduğu üçün qrunt sularının hamısını tam çıxarmaq mümkün deyil. Çünki o suların çıxarılacağı təqdirdə yenə suların sızması ehtimalı var, bəndlər zəifləyə bilər.

- Çadır şəhərciyində insanların tələbatı ödənilirmi?

- Çadır şəhərciyində oldum. Burada 1300-ə qədər Sabirabad rayon sakinləri məskunlaşıblar. Şirvanda texniki-peşə və internat məktəblərində də 400-ə yaxın Sabirabad kəndlərindən köçmüş insanlarımız yerləşdiriliblər. Onların şəraiti ilə tanış oldum. Tam əminliklə və məsuliyyətlə deyə bilərəm ki, dövlət bu şəxslərin düşdüyü vəziyyətə uyğun olaraq maksimum şərait yaradıb. Onların yemək, içmək ehtiyacları tam şəkildə qarşılanıb, isti paltar və yatacaqla təminatı həll olunub. Bundan başqa, yoluxucu xəstəliklərin baş verməməsi üçün tibbi baxımdan bütün addımlar atılıb. Şirvan şəhərində həkimlər gün ərzində nəzarəti təmin ediblər. Bir neçə həkim briqadası fəaliyyət göstərir. Mənə məlumat verdilər ki, heç bir yoluxucu xəstəlik halı qeydə alınmayıb. Bu müddət ərzində 8-ə yaxın körpə dünyaya gəlib, onlara tibbi baxımdan lazımi qayğı ilə əhatə olunublar. Müraciət edən 18 qadın da hazırda Şirvan şəhər xəstəxanasında yerləşdirilib. Bütövlükdə, hər hansı formada şikayəti və ciddi müalicəyə ehtiyacı olan vətəndaşlarımız da nəzarətdədirlər, həkim briqadalarının diqqətindədirlər.

- Kür çayında suyun səviyyəsinin aşağı enməsi gözlənilirmi?

- Mütəxəssislər bildirdilər ki, hər-hansı bir təbii müdaxilə olmasa mayın 25-dən sonra vəziyyət yavaş-yavaş stabilləşməyə doğru gedə bilər. Ancaq Kürün son aydakı “davranışı” bütün proqnozların risk dərəcəsini xeyli artırdığından, mən də nəsə konkret bir söz deməyə çətinlik çəkirəm.


Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684

Oxşar yazılar