Uşaq ölümünün səviyyəsi narahatlıq doğurur
04 mart 2010 11:30 (UTC +04:00)

Uşaq ölümünün səviyyəsi narahatlıq doğurur

Səhiyyə Nazirliyinin, ictimai təşkilatların nümayəndələri ana və uşaq ölümü ilə mübarizə sahəsində ciddi tədbirlərin görülməsini vacib sayır

UNİSEF-in son açıqlamalarına görə, 2007-ci ildə Azərbaycanda uşaq ölümü göstəricisi 5 yaşına çatmamış uşaqlar arasında hər diri doğulmuş 1000 uşağa 39 olub. Bu göstərici ilə Azərbaycan 194 ölkə arasında 77-ci yeri tutub. Həmin sıralamada Ermənistan 99-cu, Gürcüstan 88-ci yerdə olub.


Lent.az-ın məlumatına görə, bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) təşkilatçılığı ilə keçirilən "Azərbaycanda ana və uşaq sağlamlığı sahəsində mövcud durum və problemlər" mövzusunda dəyirmi masada bildirilib. Birliyin sədri Azər Mehtiyev təqdimatla çıxış edərək bildirib ki, artıq BMT-nin Minilliyin İnkişaf Məqsədləri Bəyannaməsinin qəbul edilməsindən 10 il ötür. Onun sözlərinə görə, həmin sənədə əsasən, Azərbaycanda uşaq ölümünün aşağı salınması başlıca hədəflərdən hesab olunur. Belə ki, 2015-ci ilədək 5 yaşadək uşaqlar arasında ölümü 2/3 dəfə, ana ölümü halları isə ¾ dəfə azaldılmalıdır.


Azər Mehtiyev bildirib ki, bu hədəflərə çatmaq üçün Azərbaycan hökuməti bir sıra tədbirlər həyata keçirir. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında Yoxsulluğun azaldılması və davamlı İnkişaf Dövlət Proqramı”nda 1 yaşınadək uşaqlar arasında, eləcə də ana ölüm hallarının səviyyəsinə görə Avropa ölkələri üzrə orta göstəriciyə çatmaq hədəfi müəyyən edilib. Onun sözlərinə görə, hazırda MDB ölkələrindən Türkmənistan, Özbəkistan və Tacikistan uşaq ölümü səviyyəsində Azərbaycanı qabaqlayır. 2007-ci ildə Azərbaycanda hər 1000 diri doğulmuş uşaqdan 34-ü 1 yaşına çatmamış dünyasını dəyişib. Gürcüstanda bu göstərici 27, Ermənistanda 22 olub.


İTYİB-in sədri uşaq ölümü ilə bağlı rəsmi məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırıb. O deyib ki, rəsmi statistikada 2008-ci ildə uşaq ölümü göstəricisinin 12, 2009-cu ildə 11,4 promilli olduğu qeyd olunur. Bu məlumatları müvafiq rəsmi rəqəmlərlə müqayisə edən Azər Mehtiyev uşaq ölümü ilə bağlı real göstəricilərin gizlədildiyi qənaətindədir: “Azərbaycanda uşaq ölümü hallarının heç də hamısı rəsmi qeydiyyata alınmır. Xüsusən, rayonlarda və ucqar kəndlərdə belə hallar daha çox müşahidə olunur. Amma bunun müqabilində Səhiyyə Nazirliyinin rəsmi məlumatlarında uşaq ölümü hallarının ildən-ilə aşağı düşdüyü bildirilir. Hər halda, bu məsələdən nazirliyin nümayəndələri də xəbərdardırlar. Lakin nədənsə, uşaq ölümü hallarının bir qisminin rəsmi qeydiyyatdan yayındırılmasına yetərli arqument gətirilmir”.


Birliyin rəhbəri ana və uşaq ölümü hallarına səbəb olan amilləri də qeyd edib. Onun sözlərinə görə, tibbi xidmətlərin müyəssərlik səviyyəsinin yetərincə olmaması, həkim məsuliyyətsizliyi və savadsızlığı, qadınların bəzi hallarda qadın məsləhətxanalarına müraciət etməməsi, keyfiyyətli tibbi xidmətin yerində və vaxtında göstərilə bilinməməsi, doğuşun ev şəraitində keçirilməsi, ekologiya və ətraf mühitin vəziyyəti, insanların məlumatsızlığı və digər amillər uşaq ölümünün artmasına şərait yaradır.


Azər Mehtiyev son illər ölkədə ana və uşaqların sağlamlığı sahəsində həyata keçirilən təbirlərdən də danışıb. O, bu sıraya dövlət büdcəsində səhiyyə xərclərinin ildən-ilə artırılmasını, bir sıra xəstəliklər üzrə xüsusi proqramlar çərçivəsində dərman təminatının həyata keçirilməsini, səhiyyənin maddi-texniki təminatının artırılmasını, ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramının reallaşdırılmasını və digər istiqamətləri qeyd edib.


Dəyirmi masaya iştirak edən Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Elmira Əliyeva isə ana və uşaqların sağlamlığının qorunması işinin səhiyyənin ən çətin sahəsi olduğunu deyib. Onun sözlərinə görə, ölkədə ana və uşaq ölümü hallarının indiki səviyyəsi heç də tibbi problem deyil: “Bu daha çox ölkənin ümumi iqtisadi vəziyyətindən asılıdır. Ölkədə iqtisadi və sosial vəziyyət hansı istiqamətdə inkişaf edirsə, səhiyyə problemləri, o cümlədən, ana və uşaqların sağlığının qorunması sahəsindəki işlər də o səviyyədədir. Ona görə də problemin həlli daha çox ictimaiyyətin özündən asılıdır, ictimaiyyətin ana və uşaqların sağlamlığının qorunmasına münasibəti köklü şəkildə dəyişməlidir”.


Elmira Əliyeva vurğulayıb ki, Səhiyyə Nazirliyi imkanları daxilində problemin həlli istiqamətində səy və bacarıqlarını əsirgəmir. Bununla belə, nazirliyin rəsmisi hesab edir ki, problemlə təkcə Səhiyyə Nazirliyi məşğul olmamalıdır: “Başqa dövlət qurumları, ictimai təşkilatlar, əhalinin özü bu sahəyə ciddi fikir verməlidir, ailələrdə maarifləndirmə işləri aparılmalıdır ki, hamilə qadınlar vaxtlı-vaxtında tibb müəssisələrinə müraciət etsinlər”.


Daha sonra tədbir müzakirə formasında davam edib. Dəyirmi masada çıxış edən müvafiq dövlət qurumlarının nümayəndələri, həkimlər, QHT təmsilçiləri və müstəqil ekspertlər ana və uşaq ölümü ilə mübarizə sahəsində atılmalı olan addımlardan danışıb.


Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562

Oxşar yazılar