7 nömrəli palata
8 gün "Nevrologiya" şöbəsində
Həkim yox, ağsaqqal məsləhəti...
O şairə şair demərəm, o yazarı qələm adamı hesab eləmərəm ki, ömründə bir dəfə infarkt keçirməsin, əsəbləri pozulmasın, iflicfason bir şeyə məruz qalmasın. Ya da ən azı, içməkdən qara ciyəri serroz olmasın. Yəni belə şeylər bir növ yaradıcı adama, şairə-yazıçıya "dividend" gətirən şeydir, belə demək mümkünsə, başucalığıdır. İnfarktdan sonra yazılan şeirlər matah, xəstəxanalarda yazılan əsərlər, əsəb dispanserində yazılan gündəliklər maraqlı gəlib adamlara. Şairin, yazıçının, musiqçinin, rəssamın ürəkdən, əsəbdən, "vurmaqdan" öləni əziz, doğma olub həmişə. Ən azı, Lotreki, Yesenini, Heminqueyi, Ostrovskini yadımıza salaq.
Ahmet Kaya demişkən, bən də şairim. Və bayaq sadaladığım şeylər hərləndi-fırlandı, məndən də yan keçmədi. Əsəblərimin ovulub-töküləcəyi həddə çatanda yarıciddi, yarıeksperiment məqsədlə psixiatrlara, nevropatoloqlara müraciət eləməyə başladım. Biri fitoterapiya yazdı, biri ovuc-ovuc "fenozepam", "ksenaks" nə bilim, daha nə kimi az qala narkotik tərkibli dərmanlar içirtdi. Biri üstümə qışqırdı, biri otağından qovdu. Hərəsi bir diaqnoz qoydu. Axırda gəlib, "isterik nevroz"un üzərində dayandılar. Və dedilər bir halda ki, ambulator (yəni ev şəraitində) müalicə xeyir vermir, bir-iki həftə xəstəxana şəraitində yat.
Yat, yat də! İşin təhəri yatacağım xəstəxanaya göndəriş kağızını almaqdı. Əl boyda kağızdan ötəri eşşək boyda publisist vurub, getdim düz qeydiyyatda olduğum Biləsuvar rayonuna. Daha doğrusu, həmin rayonda yerləşən Cəbrayıl qəsəbələrinə. Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının baş həkimi H. müəllim bir sifətimə qəfil çökmüş fağırlığa, bir diaqonozuma baxdı. Sonra səsinin ən rəhmdil "lad"ına salıb, dilləndi:
- Qızım, bu diaqnozla mən səni ancaq Maştağadakı ruhi xəstələr üçün dispanserə göndərə bilərəm. Amma mən sənə həkim yox, ağsaqqal məsləhəti vermək istəyirəm. Gəl, səni ora göndərməyim. Orada lap dəli olarsan. Diaqnozunu yazaq "nevrosteniya", özünü də göndərək "Nevrologiya" şöbəsinə. Eyni müalicəni elə orada al dəəə... Açığı, ağlıma batdı. Biri var, dəlixanada yatasan, biri var, əsəb xəstələrinin arasında. İkincisi daha etibarlı və şükürlüdü.
Məni xəstəxanaya necə qəbul elədilər...
Şəxsiyyət vəsiqəmi, "napravleniya" deyilən, göndəriş kağızını matah-matah qoltuğuma vurdum. Hətta sanki elə ora çatan tək, xəstəxana qapılarını üzümə taybatay açacaqlarmış kimi, yekə bir ehtiyat çantası da hazırlayıb, daban aldım xəstəxanaya. Qəbul şöbəsində babat bir on dəqiqə gözləyəndən sonra ağ xalatlı bir qadın sənədlərimi alıb, ora-bura fırlatdı. Sonra dedi ki, get poliklinikaya, orada sənə kitabça açsınlar, sonra gələrsən. Qapıdan çıxıb, elə xəstəxananın həyətində yerləşən poliklinikaya girdim. "Qeydxana" yazılan pəncərələrin arxasında üz-gözlərini boyaya-boyaya cənə vuran qızlardan soruşdum ki, qeyd vərəqəsini buradamı açırsınız? Küncdə oturub, barmaqlarının arasındakı iri, şirəli bir xurmanı sora-sora yeyən qız, elə ağzı dolu halda dedi ki, bura olmağına buradı, amma get, filan otaqda sənədinin üstünü yazsınlar, sonra gəl vərəqəni açaq. Ağır çantamı indi də mənə göstərilən otağa sürüdüm.
İsnad verilən otaq baş həkimin poliklinika işləri üzrə müavini M. xanımın otağı idi. Adıçəkilən xanım otağında olmadığından, köhnə-kürüş, divarları qopuq-qopuq, künc-bucağını hörümçək toru basmış qəbul otağında ağ xalatı eləcənə çiyinlərinə atıb, sovetdənqalma elektrik çaynikində kəklikotulu çay dəmləyən arıq, qarayanız sanitarka dedi ki, gözləyin. Xanım harda olsa, indi gələcək. İyirmi dəqiqə də belə keçdi. Adamın üstündə Allah var, xanım gələn kimi, sorğu-sualsız kağızımın üstünü möhürləyib, məni yola saldı.
Qayıtdım boyana-boyana çənə vuran qızların yanına. Kağızımı bayaqdan yekə xurmasını sora-sora yeyən qıza uzatdım. Qız barmaqlarından aşağı axan xurma şirəsini dili ilə yalayıb, kağızımı, vəsiqəmi aldı, ikicə dəqiqənin içində mənə vərəqə açdı. Sonra üzərinə xuma şirəsi yapışmış sənədlərimi mənə qaytarıb, sərt şəkildə məndən bir manat tələb elədi. Manatı qıza verib, onun məni göndərdiyi həkim otağına getdim.
Nevropatoloqların otağında bir neçə həkim oturmuşdu. Otağın mərkəzində oturan həkim xəstəxanaya yekə bir sumkada mal gətirmiş alverçinin sumkasından çıxartdığı şeyləri, uşaq paltarlarını, yaylıq-maylığı masaya, xəstələrin sənədlərinin üstünə düzüb, eninə-uzununa tamaşa eləyirdi. Mənə isnad verilən həkim N. xanım gənc, xoşagəlimli bir qız idi. Üzümə canıyananlıqla baxıb, dərdimi soruşdu, xeyli sorğu-sual elədi. Ora-burama baxdı, indiyə qədər içdiyim dərmanları soruşdu. Sonra da dedi ki, biz bu şöbəyə insult-zad keçirmiş xəstələri qəbul eləyirik. Ola bilər ki, səni qəbul eləməsinlər. Amma hər şeydən əvvəl, biz səni psixiatrımızın yanına göndərməliyik. Əsas qərarı o verəcək.
Psixiatr işə gəlmədiyindən, məni geri göndərdilər
Və məni bir tibb bacısına qoşub, bir mərtəbə aşağıda oturan psixiatrın yanına göndərdi. Bacıya qoşulub, düşdüm aşağı. Psixiatrların otağında oturmuş qaşqabaqlı, ağ xalatlı bir kişi dedi ki, psixiatr yoxdu və heç olmayacaq da. Gedin, sabah gələrsiniz.
Tibb bacısı ilə qalxdıq yuxarı. Bacı həkimə dedi ki, psixiatr işə gəlməyib. N. xanım dodağının altında "uje üçüncü gündü e, belə eləyir" deyib, yalvarırcasına mənə baxdı:
- Xanım, psixiatrımız işə gəlməyib, sabah başqasnın növbəsidi. Siz sabah gələ bilərsiniz?
Əlimdən nə gəlir?
Dedim ki, gələrəm. Və suyu süzülmüş halda, ağır ehtiyat çantamı da arxamca sürütləyib, xəstəxanadan çıxdım.
Pulunu dağıtma, bəs, mənə nə verəcəksən?
Səhər saat 11 olmamış yenə xəstəxananın qapısını kəsdirdim. Dünən mənimlə psixiatrın yanına düşən tibb bacısını tapıb, xahiş elədim ki, məni onun yanına aparsın. Pilləkənləri aşağı enəndə qarşımıza daha bir tibb bacısı çıxdı. Yanımdakı tibb bacısından soruşdu ki, birdən beşmanatlığa xırdan olar, vacib lazımdı. Yanımdakı dedi ki, manata nə söz.
Tibb bacısı olanda nə olar? Fikirləşdim ki, pulqabıma baxım, bəlkə məndə beş manata xırda ola. Dedim: "Bir dəqiqə gözləyin, deyəsən, məndə var". Yanımdakı tibb bacısı o dəqiqə ağzımın üstündən vurdu:
- Ay qız, üstündə dörd-beş manat xırda var, onu da kiməsə vermək istəyirsən. Bəs, mənə nə verəcəksən?
Dinmədim. Gəldik, çıxdıq psixiatrın otağının qarşısına. Tibb bacısı dedi ki, psixiatr yerində yoxdu. Sənin kağızlarını qoymuşam masasının üstünə, gələndə girərsən yanına. Kağızına baxar, yazar, təzədən qalxarsan yuxarıdakı otağa.
Dedi və getdi. Mən qaldım otağın qarşısında. O qalmaq, bu qalmaq. Düz bir saat gözləyəndən sonra, həkim yox, yanında cavan bir oğlu olan yaşlı qadın gəlib çıxdı və o da mənim kimi oturdu elçi daşının üstündə. O oturdu, mən gəzişdim. Bir saatdan sonra arvad qəzəbləndi, mənsə ümidsizlikdən az qala ağlamaq həddinə gəldim. Amma nəhayət ki, psixiatr gəlib, çıxdı. Növbəmi yaşlı qadına verib, özüm bir az da gözlədim.
Axır ki, mən o psixiatrın otağına girdim. Xoşsifət, orta yaşlı, rusdilli qadın idi. Mən adamı bu qədər gözlədən həkimin xəstəyə qarşı münasibətdə ən azı dinozavr qədər sərt olacağını düşünsəm də, həkim mənimlə çox nəzakətlə, rahatca danışdı. Əlamətlərimi, içdiyim dərmanları soruşub, özümü də müayinə eləyəndən sonra kağızımın üstünə "stasionar yata bilər" sözlərini yazıb, qolunu çəkdi və mənə uğurlar dilədi.
Mənə bicliyin yolunu öyrədən tibb bacısı
Kağızımı alıb, qalxdım bayaqkı tibb bacısının yanına, hansının ki, adı E. idi. İndi o məni əsas yerə, yəni qəbul edəcəkləri halda yatacağım "Nevrologiya" şöbəsinə aparmalı idi. Bu dəfə artıq naümid gəldiyimdən, özümlə çanta-zad gətirməmişdim. Ona görə də əl-qolumu sallaya-sallaya düşdüm tibb bacısının arxasınca. Biz birinci mərtəbədən nevrologiya şöbəsinə qalxana qədər, E. xanım mənə bir-iki "instruksiya" verdi. Dedi ki, bura çox vaxt sənin kimi yüngül xəstələri götürmürlər. Əgər istəyirsən ki, səni bura qəbul eləsinlər, şöbə müdiri səndən əlamətləri soruşanda beş-altısın da üstünə qoy. Yalandan denən ki, bir tərəfimi hiss eləmirəm, gecələr yata bilmirəm, dərmanların, müalicənin köməyi olmur. Əl-ayağım əsir.
Dedim:
- Bacı, narahat olmayın, sizin dediyiniz əlamətlər, məndə onsuz da var. Özü də hamısı.
Çatdıq "Nevrologiya" şöbəsinə. Qapıçı qadın qaşqabaqla qapını üzümüzə açıb, o dəqiqə də bəd xəbəri verdi ki, X. doktor (yəni şöbə müdiri) yoxdu, iclasdadı, nə vaxt gələcək bilinmir. Bunu bizə deyib, qapıdan içəridəki xəstələrinin yanına keçmək istəyən iki oğlan uşağının üstünə qışqırıb, onları qapınını yanından qovmağa çalışdı. Uşaqlar bir az aralaşandan sonra, qapıdan iki nəfər keçib, xəstə yanına getdi. Bayaqkı oğlanla geri qayıtdılar:
- Xala, bizi buraxmırsan, bəs, onları niyə buraxırsan?!
Qapıçı qadın hirslə:
- Bala, onlardan xoşum gəlir, sizdən xoşum gəlmir, başa düşdünüz, çəkilin burdan! - deyib, qapını oğlanların üzünə çırpdı.
Tibb bacısı X. həkimin otağından olmamasının da boşa verməyib, həmin müddətdə məni rentgen otağına apardı, nəticələri alıb, telefon nömrəsini mənə verdi:
- Kağızları gizlə. Biz sənədləri xəstələrin əlinə vermirik. Mən aşağıdayam. Elə ki, gördun həkim gəldi, mənə zəng elə, gəlim, səni onun otağına aparım. Bax ha, özün otağa tək girmə, həkim hirslənər.
Bir saatdan artıq zaman kəsiyini də həkimi gözləməyə sərf elədik. Şəxsin personası qapıda görünər-görünməz, E. xanıma zəng elədim. Tüpərək qaçıb gəldi. Girdik şöbə müdirinin yanına. X. həkim sənədlərimə baxıb, şikayətlərmi soruşdu. Az qaldı məni ağlamaq tutsun. Xəstəliyin əlamətlərini neçə həkimə demək olar?! Candərdi bir də təkrarladım. Həkim kağızın üstünü lütfedərcəsinə yazıb, mənə babat bir minnət qoydu:
- Xanım, biz bura adətən ağır xəstələri götürürük. Sizi də bir həftəliyə götürürük, müayinə eləyərik, bir həftədən sonra dərmanlarınızı yazarıq, evdə müalicə alarsınız. Bəri başdan deyirəm ki, sonradan narazılıq eləməyin.
Axır ki, kağızımın üstü yazıldı. Və mən artıq rəsmi olaraq "Nevrologiya" şöbəsinin xəstəsiyəm...
Romantik baş tibb bacısı
Bəri başdan deyim ki, "Nevrologiya" şöbəsi elə ilk baxışdanca özünün xəstəxanada bəlkə də, yeganə təmirli şöbə olması ilə qanımı it qanına döndərdi. Bir yazar kimi, mən xəstəxanada çirk, antisanitariya, səliqəsizlik, bir-birinə qarışmış yemək qoxusu, bir sözlə, həyatın dibini görmək istəyirdim. Amma heyhat! Hələ ki, gözümə hər şey çox təmirli və şıq dəyirdi. Sənədlərimi təhvil vermək, xəstəxananın qayda-qanunları ilə tanış olmaq üçün baş tibb bacısının otağına girdim. Orta yaşlı, nərmə-nazik, həddindən çox lirik bir qadın idi. Lirikliyini sübut edən şeylərsə, gözlərinin daima anlamsız bir parıltı ilə yanması, bir də mobil telefonunu elə masasının üstündəki xəstəxana kağızlarının arasındaca yerləşdirib, aramsız olaraq, telefonda giley-güzar dolu türk mahnılarını dinləməsi idi. Baş tibb bacısı (bundan sonra ona BTB deyəcəyik) "Belə qəşəng qız niyə xəstələnib?" deyərək, sualının cavabını gözləmədən, kağızların üstünü yazdığı müddətdə, mobil telefonundakı mahnılar Sərdar Ortacdan vurub, İsmail YK-dan çıxdı. BTB mənə ultimatum verdi ki, ziyarət vaxtı axşamüstü saat beşdən yeddiyə kimidi, palataya yemək gətirmək olmaz, meyvə və gül-çiçəyə icazə var. Səliqə-sahmana riayət olunmalıdır, əks təqdirdə, xəstəxana şərtlərini pozduğuna görə, səni buradan xaric edə bilərlər. Və axır ki, sənədlərimi yazıb, məni qalacağım palataya apardı.
Otaq yoldaşlarım
Qismətimə 7 nömrəli palata düşdü. Heyf, bir rəqəm də aşağı olsaydı, özümü Çexovun qəhrəmanları kimi hiss eləyərdim. Amma altı nömrəli palatanı boynu qır-qızıllı, xəstələrdən heç kimi dindirib-danışdırmayan əndamlı bir qadın təkbaşına zəbt etmişdi. Palatasını televizor-filanla təchiz edərək, gecələr işığı yanmış vəziyyətdə qoyub, yatırdı. Deyilənə görə, həmin şöbədə bu lüksün qiyməti vur-tut gündə onca manatdır.
Nəsə, arvad qeybətini bir qırağa qoyub, öz palatamdan danışım. Yataq dəstimi hər işə, hər dərdə yarayan ətli-calı təsərrüfat bacısı R. xanımdan alıb, palatama qayıtdım. Daha doğrusu, xəstələrin arasında nədənsə "Mamoçka" ləqəbi ilə tanınmış sanitarka heç əlimi yatağa vurmağa da qoymadı. Öz əlləri ilə yatağımı hazırlayıb, xidmətinin müqabilində məndən ikicə manat alaraq, məni palata yoldaşlarımın umuduna qoyub, getdi.
Otaq yoldaşlarım Ağsu rayonundan gələn, xroniki qıcolmalardan əziyyət çəkən yeniyetmə, incə-mincə qız, əsəbləri dəhşətli dərəcədə pozulsa da, bütün günü həm özünün, həm palatadakıların əhval-ruhiyyəsini yüksək səviyyədə saxlayan orta yaşlı, kök və savadlı bir qadın, bir də Salyan rayonundan şəhərə pənah gətirmiş, depressiyanın ən ağır formasından əziyyət çəkən və bütün günü uzanıb, zarıyan fağır bir arvad idi.
Yeniyetmə qız o dəqiqə azarımın nə olmağı, ərdə olub-olmamağım, işimin-peşəmin nə olması ilə maraqlandı. “Depresyonşik” qadın rayonlu qayğıkeşliyini həmən ortaya qoyaraq, mənə "bala, sən indi yəqin acsan" deyə, öz dolabından peçenye, çay götürməyimi təklif elədi. Belə isti qarşılanmadan sonra, üzümə salıb, Salyanlı arvadın termosundan bir qapaq çay töküb içərək, şöbəni kəşfiyyata çıxdım.
İlk təəssüratlar: "Dördümüzün də ağzı əyridi, heç kim heç
kimə gülməyəcək"
Elə ilk təəssüratlardan məlum oldu ki, şöbə əsl mentalitet qaydalarına riayət edilərək, iki hissəyə ayrılıb - yəni kişi və qadın xəstələrin qaldığı hissələr. Mən dəhliz boyu irəliləyəndə, ağır əndamlı bir tibb bacısı özünü birtəhər dəhlizin ortasında qoyulmuş divana buraxıb, xəstələrdən hansınınsa üstünə bağırdı:
- Səndən də ağır xəstə var bu şöbədə, gör, sənin kimi həyasızlıq eləyəni var?!
Xəstə də öz növbəsində tibb bacısına tərəf nəsə nalayiq bir şey qışqırdı. Amma mən tibb bacısının əsəb xəstəsilə belə davranışından şoka düşdüyüm üçün gerisini eşitmədim.
Sənəd-sünəd prosedurları günün az qala hamısını zəbt elədiyi üçün, bir azdan axşam yeməyinin vaxtı idi. Və xəstəxana bufetinin qablarının təmizliyinə qızınmayaraq, öz boşqablarını qoltuqlarına vurub, gələn dəhşət təmiz-tarıq xəstə arvadlar tədricən yeməkxanaya yığışdılar. Mən bayaqdan buralarda süləndiyimdən, üstübalıqlı qarabaşaq payımı alıb, masalardan birində lövbərimi salmışdım. Bu yerdə dörd nəfər qadın mən oturduğum masaya yaxınlaşıb, qaşqabaqla buradan əkilməyimi tələb elədilər. Üzlərinə fikir verdim, dördünün də ağızları yana əyilmişdi. Əvvəl elə bildim, mənə əsəbiləşdiklərindəndi. Sonradan məlum oldu ki, iflic vaxtı bu dörd qadının ağzı əyilib və indi dərdləri eyni olduqlarından dördü də eyni masada yemək yeyir: "Dördümüzün də ağzı əyridi, heç kim, heç kimə gülməyəcək".
Masamı dəyişdim. Bu vaxt qarayanız, gonbul bir xəstə məni yanlayıb, masada oturdu. Bufetdən götürdüyüm şeylərə baxaraq, yavaşca əyilib, mənə pıçıldadı:
- Get, qənd payını da al. Çayın yanında qənd də verməlidirlər.
Dedim ki, qəndlə çay içə bilmirəm, ürəyim bulanır. Peçenye ilə içəcəm.
Yenə əyilib, yavaşca pıçıldadı:
- İçməsən də, get al. Atarsan zibil qabına. Burada nə qalırsa, bufetdə işləyənlər evlərinə aparır. Səhərlər yanı çöplü süd paçkası da verirlər. İçməsən də al, qutunu deş, qaytar. Qoy bunlara qalmasın.
Arvaddan soruşmaq istədim ki, sənin bufetçilərlə nə dərdin var? Camaatın payını zorla tutub, əllərindən almırlar ki?! Qalan şeyi evinə aparır, qoy aparsın da. Ümumiyyətlə, sənə nə düşüb ee!
Amma dinmədim. Onun da mənim kimi əsəb xəstəsi olduğunu nəzərə alıb, susdum. Sonrakı günlər məlum oldu ki, bu demaqoq, qarayanız gonbul qadın qarımış müəllimədir, belə xasiyyətlərinin ucbatından heç ərə də getməyib. Və indicə mənə verdiyi məsləhətləri buradakı xəstələrin hamısına türkün sözü verməyi özünün müqəddəs vətəndaş borcu bilir.
Şöbədə gecə
Sizə deyim ki, palatalardakı səliqə-sahmana söz ola bilməz. Düzdü, xanımlar "palataya yemək gətirmək olmaz!" qadağasına riayət eləməyib, dolablarını banka-banka yeməklərlə doldursalar da, daha xəstəxananın əvvəlki vaxtları kimi, gündüz gözü palatalarda öz pal-paltarları, şey-şüyləri ilə "bayram bazarı" açmırdılar. Amma elə ki, axşam düşdü, şöbə müdiri, səliqə-sahmana ciddi-cəhdlə nəzarət edən həkimlər çıxıb, evlərinə-eşiklərinə getdi, əsl məsələ başlayır. Dolablardakı yeməklər çıxarılır, əlüzyuyanda-zadda yuyulmuş alt paltarları, əski-üskülər həm palatalarda, həm dəhlizlərdəki qızdırıcı batareyaların üzərinə sərilir. Xəstəxanada "poboçnı" fəaliyyət göstərib, cüzi maaşlarına bir qatqı qatsınlar deyə, xəstələrin yanına pal-paltar, toxunma əl işləri-zad gətirib satan sanitarkalar otaq-otaq dolaşıb, "arşın malı" göstərir. Xəstələrin yanına ziyarətə gələnlər şöbədəki sərbəstlikdən istifadə eləyib, saatlarla dəhlizlərdəki divanlarda, kürsülərdə əyləşib, burada yatan xəstə qohumları ilə çənə vurur.
Axşam, hətta gecə olsa da, hələ ki, mənimlə bir insan maraqlanmamışdı. Gecəni dəhşətli dərəcədə sarımsaq qoxusu verən palatada birtəhər yatdım. Səhər oyanıb, geyinəndə əsəbləri gərgin olsa da, palatanın ruh yüksəkliyi işi ilə məşğul olan G. xanım acıqlı-acıqlı mənə tapşırdı ki, heç nə yeməyim, heç allahın suyunu da içməyim, çünki məndən analiz götürəcəklər. Günün ikinci yarısına qədər ac-susuz qalsam da, bir insan mənə yaxınlaşmadı. Uzun saatları eləcə yatağımda uzanıb, palatadakılara özüm barədə yarıdoğru-yarızarafat informasiyalar verərək keçirdim. Bu arada, elə palata yoldaşlarımın dərdlərini də öyrənməyə çalışdım.
Ər və ata ucbatından xəstəlik tapan qadınlar
Məlum oldu ki, depressiyanın ən ağır formasından əziyyət çəkən V. xanımın dərdi elə də mürəkkəb bir şey deyil. Həyat yoldaşının uzun müddət ona qarşı laqeyd davranması qadını əvvəl ruh düşkünlüyünə, sonra əsəbiliyə, ən axırda isə belə ağır depressiyaya gətirib, çıxarıb. Yeri gəlmişkən, öz həyat yoldaşının belə çətin xəstəliyinə səbəb olmuş kişi, mən o xəstəxanada qaldığım günlər ərzində bir dəfə də olsun, xanımına zəng edib, onun halını xəbər almadı. Qadın isə hər sözdən alınaraq, saatlarla göz yaşı tökməyinə davam edirdi.
Xroniki qıcolmalardan əziyyət çəkən yeniyetmə, nərmənazik qızın da xəstəliyinin səbəbi əks cinsin nümayəndəsi idi. Amma bu dəfə məsələ sevgi-zad söhbəti deyildi. N. atasının ucbatından bu xəstəliyi tapmışdı. Onun atası hələ uşaqları körpə ikən, onların anasını boşayaraq, başqa qadınla evlənib. İllərlə uşaqları ilə maraqlanmayıb. N. danışdı ki, atam bizi kənddə toy olandan-olana görürdü. Onda bizə yaxınlaşıb, konfet vermək istəyirdi. Mən də hirslənirdim. Onun verdiyi konfeti neynirəm?! Bir dəfə də, oxuduğum məktəbin həyətinə gəldi. Əlində kulyokda konfet gətirmişdi. Kulyoku alıb, başına çırpdım. Qışqırdım, özümdən getdim. O vaxtdan tez-tez "sudoroqa" keçirirəm.
Amma çox vaxt N.-in kefi yaxşı olurdu. Keyidici iynələr, dərmanlar təsirini göstərirdi. Çox vaxt məndən xahiş eləyirdi ki, noutbukda onun üçün Hadisənin "Düm tək-tək" mahnısını səsləndirim.
Şöbədə daha bir gün - təzə xəstə ilə maraqlanan olmadı
Şöbədəki xəstələr boşqablarını qoltuqlarına vurub, günorta yeməyi üçün yeməkxanaya tələsəndə, artıq dözə bilməyərək, sıravi tibb bacılarının "starşı" əvəzinə "straşnı" dedikləri baş tibb bacısının yanına getdim. Lirik "straşnı" tibb bacısı nəhayət ki, öz mobil telefonundan "pleyer" kimi deyil, əsl təyinatı üzrə istifadə edərək, kiməsə zəng elədi. Zəng elədiyi mənə baxmalı olan tibb bacısı idi. Onu çağırdı ki, gəlib, xəstəsi ilə maraqlansın. Bacı yarım saatdan sonra gəlib, çıxdı. Toppuş, yanaqlarından qan daman, uzun hörüklü, iri gözlü, iridöşlü qız. Qızın üzünü görənə qədər həm acından, həm özümə qarşı belə laqeydlikdən itə dönsəm də, bacını görən kimi eynim açıldı. Heç bir problem yoxmuş kimi, qız mənə dedi ki, analizlər üçün artıq çox gecdir, günorta yeməyinə də gecikmisən, dəhlizlərdə gəzib, qoğal-moğal satanlardan bir şey al ye, bu günü yola verək, sabah səndən analizlər götürərəm. (İlahi, hər şey necə də rahatdır!) Sonra da gülə-gülə çıxıb, getdi.
Xəstəxanada ikinci günü də bax, beləcə, boşuna yola verdim. Bircə şeyi yaxşı oldu ki, hər işə yarayan təsərrüfat bacısı ilə razılığa gəldim ki, hər gün mənə saçlarımı yumaq üçün iki litr isti su təşkil edəcək.
Axır ki, xəstə ilə maraqlanan tapıldı
Xəstəxanada üçüncü günü gombul tibb bacısının gur səsinə oyandım. Məni oyadıb, analizlər və laboratoriya haqqı olaraq altı manat aldı. (baxmayaraq ki, belə şeylər pulsuzdur. Nəsə...). Nəhayət, mənə baxacaq həkim müayinə üçün gəldi. X. xanım şöbədə rast gəldiyim ən normal adam idi. Əsəbiliyimi də, gərginliyimi də, aradabir əllərimin əsməyini də olduqca canıyananlıqla qarşıladı: "Rodnaya, tı kak kamok nervov! Skolko je stressov tı perejila! Nu kto tebya tak?!". Tərcüməsi: "Əzizim, sən lap əsəb dağarcığısan! Gör, nə qədər stress keçirmisən! Səni kim bu günə qoyub?".
Adamın üstündə Allah var, mənə yazılan dərmanların əksəriyyətini elə xəstəxananın hesabından verdilər. Amma həkim xanım iki dərman adı yazıb, xahiş elədi ki, bunlar bizdə olmadığı üçün, mümkünsə, özün aptekdən al. (əşi, təki xeyri olsun).
"Katerina" xala
Palata yoldaşlarımın qaramatından aralanmaq üçün, dəhlizi gəzəndə tez-tez qışqırtı eşidirdim. Həmin qışqırtı eşidiləndə xəstələr bir-birinə baxıb, "on birinci palata" deyirdilər. Öyrəndim ki, bu palatada bircə qadın yatır. O qadının böyrəklərini əməliyyat eləyəndə nəsə problem yaranıb. Axır ki, iş "nevroloji" şöbənin ümidinə qalıb. Qadın bütün günü ağrıdan qışqırırdı. Durub, tualetə gedə bilmədiyi üçün altına katetr qoymuşdular. Sanitarlardanmı, xəstələrdənmi kimsə katetrə görə xəstə qadına "Katerina" ləqəbi yaraşdırmışdı. (İlahi, insanlar necə də qəddardılar!).
Buradakı qadınların ən ağır xəstəyə belə ironiya ilə yanaşmasından doldum. Əsəblərim bir az da gərildi.
Palataya yaxınlaşıb, aralı qapıdan qadına baxdım. Ona qulluq eləyən yaşlı qadına bağırırdı. Qoca arvad da: "Ay Allah, bunu belə eləyincə, azarı mənə verəydin, ta bu zülmü çəkməyəydim" deyə, qadına gah su, gah dərman uzadır, gah alnının tərini silirdi.
Palataya qayıtdım. Elçin Əlibəyli ilə Xoşqədəm Hidayətqızının ziyarətimə gələndə gətirdikləri qızılgül dəstəsindən üç dənəsini ayırdım. Stəkanın içinə qoyub, həmin qadının palatasına getdim.
Qapını açıb, gülə-gülə içəri girdim. Heç nə demədim. Yaxınlaşıb, gülü qadının dolabının üstünə qoydum, əyilib, üzündən öpdüm. Bayaqdan qışqıran qadın da, qoca arvad da susub, mənə heyrətlə baxırdılar.
Axır ki, xəstə qadın zarıyaraq soruşdu:
- Sən kimsən, a qızım?
Yatağının ayaq tərəfində oturdum:
- Mən də xəstəyəm, xala.
- Saa noolub a qızım? Gül kimi uşaqsan...
- Əsəblərim xəstədi. Nevrozam, xala.
- Bura niyə gəldin, a qızım? Kim saa dedi ki, orda bir arvad bütün günü qışqırır?!
- Heç kim demədi. Özüm eşitdim səsinizi...gül gətirdim sizə. Dedim eyniniz açılsın.
- Bıy, səni xoşbəxt, ağgünnü-ağsaaatdı olasan, a qızım!
Ağladı. Durub yenə onu öpdüm. Bir az sakitləşdi. Dedi ki, qışqırmağının dərdindən heç kim onun palatasında yatmır. Bu palataya gələn xəstələr səhəri gün başqa yerə köçürlər. Dedim, istəyirsiniz, mən gəlim yatım sizin palatada?
- Yox, a qızım. Canım ağrıyır. Mən bərk qışqırıram. Qıymıram saa, özün də deyirsən, əsəblərin xəstədi.
Ona baxan qoca arvad bu arada mənə pıçıldayır ki, günlərdir, onun saçını daraya bilmirlər, pırtlaşıq düşüb. Daraq vuranda da ağrıdan qışqırır. Bəlkə onu dilə tutum. Yenə qadının üzünə gülürəm:
- Xala, gəl, saçını darayım.
Təəccüblə soruşur:
- Darayarsanmı, qızım?
- Niyə daramıram. Hələ qaşlarınız da tüklənib. Saçınızı darayım, gedib, otaqdan maqqaş gətirib, qaşınızı da alaram.
Xala ilə əməlli-başlı dostlaşdıq. Düzdü, arabir dialoqumuzu yarıda kəsib, ağrıdan var gücü ilə qışqırırdı, amma əlimi buraxmırdı.
O gündən sonra, xalanın halı pisləşəndə qoca arvadı göndərirdi ki, get, o saçımı darayan qızı tap gətir.
Belə çıxır ki, sən psixsən dəə!
Həkim mənə cərəyan, iynə, massaj kimi müalicəvi şeylər yazmışdı. Xəstəxanada keçən günün yarısını belə-belə şeylər aparır. Çaşıb-qalırdım, bilmirdim özünü xəstəliyə vurub, reportaj hazırlayan jurnalist kimi aparım, yoxsa, özünü jurnalistliyə vurub, xəstəxanada yatan əsəb xəstəsi kimi. Üstəlik, "Nevroloji" şöbədə həkimlər də, tibb bacıları da, elə digər xəstələr də adama yazıqları gəlirmiş, sanki sən bədbəxt bir adammışsan kimi baxırlar. Hələ onu demirəm ki, xəstəxanada keçirdiyim dördüncü gün rayondan təzəcə gəlmiş, ömründə bəlkə də birinci dəfə şəhər mühiti görən cavan qız, yeməkxanada xəstəliyimin adını öyrənəndə mənə "onda belə çıxır ki, sən psixsən dəə!" dedi.
Bütün gözəllərin axırı dəlixana olur...
Şöbədəki ən ağır xəstələrdən biri də altmış-yetmiş yaşlarında bir qadın idi. Vəziyyəti ağır olduğundan, onun da yanında yaxınlarından kimsə qalırdı. Amma ona baxan qadın yox, 30 yaşlarında hərbçi oğlu idi. Oğlan şöbədə demək olar ki, yeganə kişi xeylağı olduğundan, özünü bərk narahat hiss eləyirdi. Utana-utana yeməkxanaya gəlib, anası üçün yemək götürür, anasının palatasında başqa qadınlar da yatdığından, gecələr yerini dəhlizdəki divanın üstündə açıb, yatırdı. Gecələr oyanıb, anasını tualetə aparırdı. Gündüzlər qolundan yapışıb, çalışırdı ki, qadını bir az yeriməyə məcbur eləsin. Yoxsa ki, qadının əl-ayağı demək olar, tutmurdu. Şöbədəki xəstə qadınlar, həm digər xəstələri, həm tibbi personalın hərəkətlərini güdən, barələrində məlumat öyrənməyi özlərinə borc bilən, bütün günü gah yeməkxanada, gah dəhlizdə qeybət eləyən "pasiyent" xanımlar bu oğlan haqda yekdil rəyə gəlmişdilər: "İndiki zəmanədə heç belə abırlı, canıyanan qız yoxdu, o ki qaldı, oğul ola! Halaldı!".
Bir dəfə də dəhlizdə gəzişəndə ana-oğlu mənnən üz-üzə gəldilər. Oğlan adəti üzrə utana-utana salam verdi. Qadın mənə baxıb, gülümsədi, oğlunun qulağına nəsə pıçıldadı. Oğlu başını bulayıb, bir də mənə baxdı. Nə dediyi ilə maraqlandım. Arvad bu dəfə hündürdən dedi:
- Cavan vaxtı mən də sənin kimi gözəl idim. Amma gözəl olmursan, nə olursan ol, adamın belə günə düşən vaxtı da olur. Mən yenə yaxşıyam, bu yaşımda gəlib çıxmışam bura. Sən lap cavan yaşda pis yerin yolunu tanımısan. Oğluma deyirdim ki, bu qızın bu yaşda burada nə işi var? Bu gedişnən, mən yaşa çatanda dəlixanalıq olacaq ki!
Dedim ki, sağ olun, belə vəziyyətdə də adama xoş söz deyib, könlünü açırsınız.
Bir gün, hələ ziyarət vaxtına xeyli qalmışdı ki, qadının o biri oğlu onu görməyə gəlmişdi. Həkimlər, tibb bacıları etiraz elədilər, oğlanı onun yanına buraxmaq istəmədilər. Anasını görmək istəyən oğlan dəhlizdə dava saldı. Qışqırıb-bağırdı, həkimləri, tibb bacılarını rüşvət almaqda ittiham elədi. Səsə qadının özü də çıxmışdı. Və əsəbləri o dərəcədə gərgin qadın, xəstəxana nizam-intizamına tüpürüb, oğlu ilə görüşmək əvəzinə, xəstəxanadan qovulacağının qorxusundan, ona tərəf "cəhənnəm ol burdan!" deyə, bağırıb, sonra da hönkür-hönkür ağladı.
Biz - açıq qəlb sınığından əziyyət çəkən dörd qadın...
Bir-iki gündən sonra palatamıza daha bir qadın gətirdilər. Orta yaşlı olsa da, olduqca cavan və incə görünən, sakit, həlim təbiətli qadın idi. Dərdi də, elə mənim dərdimdən idi: nevrosteniya. Elə bir az da, depressiyaya yaxın idi. Amma palatamızda ər laqeydliyi ucbatından zülüm çəkən V. xanımdan fərqli olaraq, bu incə və gözəl qadın, ərinin ifrat diqqətindən əziyyət çəkirdi. Az qala gündə iki dəfə ona dəyməyə gələn əri ilə danışıq, davranış tərzindən hiss elədim ki, deyəsən, bu qəşəng xanım xəstəxanaya müalicə olunmaq üçün deyil, canını ərindən bir müddətə qurtarmaq üçün gəlmişdi. Əri gəlməyəndə ipək kələfi olurdu, hamı ilə mehriban-mehriban danışırdı, deyib-gülürdü. Elə ki, əri gəldi, qadın dönüb olurdu dünyanın ən bədbəxt insanı. Qaramatından otaqda qalmaq olmurdu.
Dərd burasında idi ki, bu xanımın ərinin diqqəti və qadının bu qayğıkeşliyə reaksiyası palatadakı V.-ni özündən çıxarırdı. Yazıq kənd qadını heç cür başa düşə bilmirdi ki, necə ola bilər, ər adamı bu qədər çox istəyə, sən də onun üzünə baxmayasan?! Bəlkə də əlində əlac olsa, təzə xəstəni saçlayardı naşükürlüyünə görə. Bu arada palatadakı ruh yüksəkliyinin təminatının qeydinə qalan G. xanım özündən çıxmalı olurdu. Dözməyərək, V.-nin üstünə acıqlanırdı:
- "Mazqi"mi xarab eləmə boş-boş söhbətlərnən! Dur, bir dənə qoğal ye! Tez ol, məni əsəbiləşdirmə! Ay qız, mən bura müalicə olunmaq üçün gəlmişəm, amma sən axmaq-axmaq problemlərinnən məni çərlədibsən! Cəhənnəm olsun ərin də, o birisi də! Canının qeydinə qal da!
Belə qəzəb-qayğı monoloqundan sonra G. meyvə soyub, palatadakılara paylayırdı və hamının nəsə yeməyinə nəzarət eləyirdi. Ona elə gəlirdi ki, buradakılar ancaq yaxşı yemək yedikləri halda sağala bilərlər.
Yeniyetmə N. G. ilə heç dolanmırdı. Daha doğrusu, kəndçi yeniyetməsinin ifrat familyarlığı ilə, orta yaşlı, şəhərli, ziyalı qadının rəsmiyyəti heç tutmurdu. Amma palatada ən çox dialoq elə onların arasında baş tuturdu. Biri o birisini danlaya-danlaya bütün günü deyişirdilər.
Bax, bizim - kişi laqeydliyindən, kişi yoxluğundan, kişi sevgisindən daha doğrusu, Əmir Kusturitsa demişkən, "açıq qəlb sınığı"ndan əziyyət çəkən dörd qadın, günümüzü beləcə keçirirdik...
Və son günlər
Sağ olsun, təsərrüfat bacısı öz işini tam vicdanla yerinə yetirərək, mənə hər gün başımı əl-üzyuyunda yumaq üçün, iki litr su təşkil eləyirdi. Hər dəfə də zarafatlaşırdı ki, ay qız, sənin başını "rakovinadan" çıxartdığın gün olacaq, ya yox?
Yeməkxanada işləyən cavan, sarışın qadın mənə o qədər isinişmişdi, səhər yeməyinə oyana bilmədiyimi öyrənəndən sonra, "zavtrak"ımı gətirib, dolabımın üstünə qoyub, məni oyatmadan çıxıb, gedirdi.
Qapıçı qadınla dil tapandan sonra yanıma kim gəlir, gəlsin, ziyarət saatı olmayanda, düz palatama gəlib, məni qapıya, həmin adamın yanına çağırırdı. Massajçı, tibb bacısı yavaş-yavaş hər nazıma dözməyə başladılar. Hərdən zarafatla deyirdilər ki, ağıllı adam olsan, burada nə itin azıb? İndi ki, bizə pənah gətirmisən, gərək dözək də....
Məni min bir minnətlə bura qəbul edən şöbə müdiri isə, ürəyi yumşalanda müalicə vaxtımı iki gün uzatdı. Hətta xəstəxanadan çıxanda, məni özü müayinə eləyib, reseptimi öz əli ilə yazdı. Əkrəm Əylisli demişkən, bu xalqın bəzən daş qəlbi varsa, bəzən rəhmi-mərhəməti də var...
Günel Mövlud
Yazı “Ədalət” qəzetində dərc olunub.

1238