Qəbulda olay: üç qardaşın heyrətamiz rekordu - TƏFSİLAT
29 avqust 2012 13:53 (UTC +04:00)

Qəbulda olay: üç qardaşın heyrətamiz rekordu - TƏFSİLAT

2012/2013-cü tədris ili üçün ali məktəblərə qəbul kampaniyasında nadir hadisə qeydə alınıb. Bir ailədən 3 abituriyent eyni ali məktəbə daxil olmaqla test üsulunun tətbiq olunduğu 20 illik rekordu təzələyib. Bu hadisənin bir maraqlı tərəfi də odur ki, hər üç abituriyent orta məktəbdə də bir sinif oxuyublar. Azər Süleymanov əkiz qardaşları Vaqif və Arifdən bir yaş böyük olsa da, valideynləri onu məktəbə bir il gec qoyub. Bununla da hər üç qardaş eyni vaxta birinci sinfə gedib, orta məktəbi də eyni vaxtda bitirib. Tale ali təhsilə gedən yolda da qardaşları bir-birindən ayırmayıb: iyulun 20-də Azər, Vaqif və Arif eyni qrupda - I ixtisas qrupunda imtahan verərək eyni ali məktəbə - Azərbaycan Dövlət Neft Akademiyasına (ADNA) daxil olublar. İndi onları bir-birindən ayıran yeganə cəhət eyni ali məktəbdə fərqli ixtisaslara qəbul olmalarıdır.

Lent.az-ın əməkdaşı qəbul imtahanlarında 20 illik rekordu qırmış qardaşlarla görüşərək onların bu nailiyyətə necə nail olduqlarını öyrənib. Məlum olub ki, hər üçü orta məktəbi VIII sinfə qədər Rusiyanın Tümen vilayətindəki eyniadlı şəhərdə, VIII-XI sinifləri isə Bakıdakı 269 saylı məktəbdə oxuyub. Onlardan böyüyü, 1993-ci il təvəllüdlü Azər 418 balla Azərbaycan Dövlət Neft Akademiyasının kompüter elmləri ixtisasına, Vaqif 441 balla neft-qaz mühəndisliyi ixtisasına, Arif isə 363 balla kimya mühəndisliyi ixtisasına qəbul olub.

Biri hazırlıqda öyrəndiklərini digər ikisinə öyrədib

Qardaşlar Rusiyada o qədər də yaxşı oxumayıblar. Ancaq vətənə qayıtdıqdan sonra yaxşı təhsil alıb ali məktəbə qəbul olmağı qarşılarına məqsəd qoyublar. Elə bu məqsədlə də X sinifdə oxuyarkən fərdi müəllim yanında hazırlıqlara başlayıblar. Onlar ali məktəbə hazırlıq üçün olduqca fərqli və maraqlı metod seçiblər. Belə ki, X sinifdə oxuyarkən fərdi hazırlıq kurslarına gedən qardaşlar ailənin maddi durumunu nəzərə alaraq, kursları mümkün qədər az xərclə başa vurmaq qərarına gəliblər. Bunun üçün öz aralarında xüsusi bölgü də müəyyənləşdiriblər: Azər ingilis dili, Vaqif fizika, Arif isə kimya fənni üzrə hazırlığa gedib. Qardaşlardan hər biri kursda öyrəndiklərini evdə digər iki qardaşına da öyrədib və beləliklə, onlar həm də bir-birinin müəllimi olublar. XI sinifdə isə üçü də riyaziyyat fənnindən hazırlığa gediblər.

“Qarşıya məqsəd qoyduq ki, oxuyacağıq”

Azər Süleymanov bu metodla hazırlaşmağın çox çətin olduğunu, lakin başqa çıxış yolu olmadığını söyləyir. Onun sözlərinə görə, Tümendən gələndən sonra buradakı mühitə uyğunlaşmaq, şagird və müəllim kollektivi ilə doğmalaşmaq o qədər də asan olmayıb: “Dərsliklər, dərs metodikası, sinif yoldaşları – hər şey bizim üçün yeni idi. Amma üç qardaş bir-birimizə kömək edib, bu çətinliklərin öhdəsindən gəldik. Bu mərhələni keçdikdən sonra ali məktəbə hazırlaşmağa başladıq. Çünki qarşımıza məqsəd qoymuşduq ki, hər üçümüz birinci il ali məktəbə daxil olmalıyıq. Ona görə də burdakı məktəbə tam uyğunlaşandan sonra ciddi hazırlıqlara başladıq. Hər üçümüz X sinifdən bütün yayı evdə oturub dərs oxuyurduq. Yalnız axşam saat 9-da bir saat həyətdə gəzintiyə çıxırdıq. Sonra qayıdıb bir qədər dincəlib, tez də yatırdıq ki, səhər tezdən durub dərsləri hazırlayaq. Sentyabra qədər, yeni dərs ili başlayanadək belə davam elədik. Dərslər başlayandan və hazırlığa gedəndən sonra isə boş vaxtlarımızı bir-birimizə kömək etməkdə keçirdik. İki il ərzində dayanmadan bu şəkildə hazırlaşdıq. Yalnız imtahana iki gün qalmış oxumağı dayandırdıq ki, beynimiz dinc olsun”.

Qardaşlar XI sinfə qədər heç bir sınaq imtahanına getməyiblər. Sonuncu buraxılış ilində isə bütün sınaq imtahanlarında iştirak ediblər. Sonuncu sınaq imtahanlarında Azər 369, Vaqif 405, Arif isə 345 bal toplayıb. Qardaşlar deyirlər ki, Tümendə onlara normal dərs keçirilməyib. Bu səbəbdən onlar Bakıya köçüb gələnədək daha yaxşı təhsil alacaqlarına və ali məktəbə qəbul ola biləcəklərinə özləri də inanmırmış. Amma Azərbaycana qayıtdıqdan sonra vəziyyət dəyişib. Arif Süleymanov danışır ki, Tümendəki orta məktəb Bakıdakından heç nə ilə fərqlənmirdi: “Bircə fərq o idi ki, orada alman dili fənni də keçirdik. Bir də dərsliklərin yazılışında fərq vardı. Amma bizim orada oxumağa marağımız yox idi. Orda doğulsaq da, vətənə - Azərbaycana köçmək, burada yaşamaq istəyirdik. Allaha şükür, köçüb gəldik, burada oxuduq və üçümüz də ali məktəbə daxil olduq”.

Xoşbəxt təsadüf

Yeri gəlmişkən, qardaşların məzunu olduqları 269 saylı orta məktəbi bu il 15 şagird bitirib. Halbuki IX sinfə qədər onların sinfində 31 şagird olub. Arif deyir ki, əsas təhsil bazasını bitirdikdən sonra sinif yoldaşlarının yarıdan çoxu 269 saylı məktəbdən çıxıb. Onlardan bir qismi təhsilini Bakıda nisbətən yaxşı hesab olunan orta məktəblərdə, bir qismi isə peşə liseylərində davam etdirib. Azər, Vaqif və Arif yerdə qalan sinif yoldaşları ilə elə həmin məktəbdə qalmağa üstünlük verib. Onun sözlərinə görə, bu il həmin 15 şagirddən 10-u ali məktəbə daxil olub.

İxtisas seçimi zamanı onların niyə məhz eyni ali məktəbə üstünlük verməsinə gəlincə, qardaşlar bunun təsadüf olmadığını düşünürlər. Onların sözlərinə görə, ADNA-nın bir neçə nüfuzlu ixtisasları məhz həm I ixtisas qruplarında formalaşıb. Bu səbəbdən qardaşlar ixtisas seçimi zamanı digər ali məktəblərlə yanaşı ADNA-da sevdikləri ixtisasları elə ilk sıralarda kodlaşdırıblar. Xoşbəxt təsadüf nəticəsində Azər və Vaqif seçdikləri ixtisasların birincisinə, Arif isə ikincisinə daxil olub.

Qardaşlar üçün çətin və gözlənilməz şərt

Bütün bu xoş təsadüflərə rəğmən, 3 övladı eyni vaxta eyni ali məktəbə daxil olmuş Süleymanovlar ailəsinin bir narahatlığı da var. Belə ki, 2008-ci ildən Tümendən Bakıya köçmələrinə baxmayaraq, Azər, Vaqif və Arif burada vətəndaşlıq ala bilmədiklərindən ali məktəbə də Rusiya vətəndaşı kimi qəbul olublar. Çünki Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tələblərinə və ali məktəblərə qəbul qaydalarına əsasən, Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq istəyən xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər yalnız ödənişli ixtisasları seçə bilər. Halbuki qardaşların hər üçünün topladığı bal dövlət sifarişli ixtisasları seçmək üçün yetərli olub. Ancaq qəbul kampaniyasında xarici vətəndaş kimi iştirak etmələri onları ödənişli əsaslarla təhsil almaq məcburiyyətində qoyub.

Azər deyir ki, belə bir seçim qarşısında qalmalarından yalnız ali məktəblərə qəbul kampaniyasının başlandığı günlərdə xəbər tutublar. Onun sözlərinə görə, sinif yoldaşları onlara deyiblər ki, xarici vətəndaşlar yalnız ödənişli əsaslarla təhsil almalıdır. Bu isə 5 nəfərdən ibarət Süleymanovlar ailəsini əməlli-başlı qayğılandırır: “Bizim hər birimizin illik təhsilhaqqı 1200 manatdır. Bu, o deməkdir ki, biz hər il 3600 manat təhsilhaqqı ödəyəcəyik. İndi atam bankların birindən götürdüyü kredit hesabına birillik təhsilhaqqını ödəyib. Amma bu, bizə çox çətindir. Görək gələn il necə olacaq”.

Tələbə qəbulunda 20 illik rekordu təzələmiş qardaşların atası Bəhram Süleymanov deyir ki, özü və həyat yoldaşı Azərbaycan vətəndaşı olub. 1992-ci ildə iqtisadi çətinlik və işsizlik ucbatından Rusiyanın Tümen vilayətinə köçüblər. Azər, Vasif və Arif də orada doğulduğundan Tümendə onlar Rusiya qanunlarına görə bu ölkənin vətəndaşlığı sayılıb. 2008-ci ilə isə Süleymanovlar ailəsi Bakıya köçüb: “Gələn gündən burada vətəndaşlıq məsələləri ilə maraqlandıq. Özümün və yoldaşımın daimi yaşayış yerinə qeydiyyatımızın bərpası məsələsi qısa vaxtda həllini tapdı. Uşaqlarımıza isə Azərbaycan vətəndaşlığı almaq hələ də mümkün olmayıb. Çünki bizə deyirlər ki, əgər uşaqlar 1998-ci ilə qədər burada qeydiyyata olmayıblarsa, onlar yalnız 5 ildən sonra Azərbaycan vətəndaşlığı ala bilər. Ona görə də üzləşdiyimiz problemlərlə bağlı prezidentə müraciət etdik ki, mümkündürsə, istisna hal kimi övladlarımızın vətəndaşlıq məsələsinin həllinə köməklik göstərilsin. Amma məsələ müsbət həll edilmədiyindən uşaqlarımız xarici vətəndaş kimi ödənişli ixtisasları seçmək məcburiyyətində qaldı”.

Yana-yana qalın a...

Maraqlıdır ki, Azər, Vaqif və Arifin valideynləri, hətta baba və nənələri, ulu babaları Azərbaycan vətəndaşı olduğu halda, onlara vətəndaşlıq verilmir. Bu isə o deməkdir ki, mövcud qanunvericilik vətəndaşlıq məsələlərində öz vətəndaşlarımızı Azərbaycanda vətəndaşlıq almaq istəyən əcnəbilərlə eyni səviyyədə qoyur. Yəni Rusiyada, Hindistandan, Pakistandan, lap okeanın o tərəfindən olan əcnəbilər və ya ümumiyyətlə, vətəndaşlığı olmayanlar da Azərbaycan Respublikasının vətəndaşlığını almaq üçün burada 5 il yaşamalıdır, öz vətəndaşlarımız da. Halbuki Bəhram Süleymanov hesab edir ki, milliyyəti azərbaycanlı olan və zəruri halda müəyyən müddətdə xaricdə yaşamış şəxslərə Azərbaycan vətəndaşlığının verilməsi qaydaları sadə olmalıdır. Belə ki, qanunda müstəsna hal kimi belə şəxslərə vətəndaşlıq verilməlidir.

O ki, qaldı 2008-ci ildən Rusiyadan Azərbaycana köçmüş Süleymanovlar ailəsinin sənədlərinin ötən 4 ildə qaydaya salınmamasına, Bəhram Süleymanov bunun günahını qeydiyyat orqanlarında görür. Onun sözlərinə görə, 2008-ci ildə özü və həyat yoldaşı uşaqlarla birlikdə Rusiyada qeydiyyatdan çıxıb daimi yaşayış yeri kimi Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati ərazi nümayəndəliyinə qeydiyyata durublar. Hətta uşaqların hər üçü indi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adlandırılan Hərbi Komissarlıqda da qeydiyyata alınıb və buna görə onlara “Qeydiyyat vəsiqəsi” də verilib: “O vaxt bizi qeydiyyata aldılar və dedilər ki, uşaqlar 16 yaşına çatanda şəxsiyyət vəsiqəsi alacaqlar. Ola bilsin, o vaxt inzibati ərazi nümayəndəliyində qanunları düzgün bilmədiklərindən miqrasiya məsələsi düzgün icra olunmayıb. Mən o vaxt bilsəydim ki, belə bir məsələ olacaq, onda uşaqlarımıza müvəqqəti yaşayış vəsiqəsi alardım, bu gün də belə problemlər yaşanmazdı. Bu gün uşaqlarımın Azərbaycan vətəndaşı kimi sənədlərinin olmaması üzündən onlar ödənişli əsaslarla təhsil almaq məcburiyyətindədir. Halbuki onlar hər üçünün topladığı bal ödənişsiz təhsil almağa imkan verirdi”.

Övladlarının Azərbaycan vətəndaşlığı almasının çox uzun proses olduğunu deyən Bəhram Süleymanovun sözlərinə görə, onlar 5 il burada yaşamalı və yalnız bundan sonra vətəndaşlıq ala bilər: “Ali məktəbə sənəd qəbulu zamanı bu məsələ ortaya çıxanda çox ciddi problemlərlə qarşılaşdıq. Hətta elə bir vəziyyət yaranmışdı ki, uşaqlar qəbul imtahanlarına buraxılmamaq təhlükəsi ilə üzləşmişdi. Ona görə də məcburiyyət qarşısında qalıb Rusiya səfirliyi vasitəsilə sənədləri qaydaya saldıq ki, heç olmasa, uşaqlar təhsildən kənarda qalmasın. Hələ ki, övladlarımın hər üçü Rusiya vətəndaşı kimi qeydiyyatdadırlar və ali məktəbə də Rusiya vətəndaşı kimi qəbul olublar”.

Qəribədir, Azər, Vaqif və Arif 4 ildir faktiki olaraq Bakıda yaşayır, orta məktəbi burada bitirib, sənədlərini Azərbaycan qanunları ilə fəaliyyət göstərən təhsil müəssisəsi qəbul edib, hətta daimi yaşayış yerində qeydiyyatdadır. Bütün bunlar onların həqiqətən də 2008-ci ildən Azərbaycanda yaşadığını təsdiq edən mühüm faktlardır. Görəsən, bu faktlar və həmin faktları özündə əks etdirən sənədlər heç olmasa, müstəsna hal kimi onlara Azərbaycan vətəndaşlığı verməyə kifayət etmirmi? Nəzərə alsaq ki, hazırda 3 milyondan artıq Azərbaycan vətəndaşı çörək dalınca xaricə gedib və onların arasında geri qayıdıb Süleymanovlar ailəsinin üzləşdiyi problemlərlə üzləşənlər hələ çox olacaq, onda bu sualın cavabı həm həmin insanlar, həm də Azərbaycan dövləti üçün son dərəcə vacib məsələdir.

Mövzunun davamını Lent.az da izləyin...

Elxan Salahov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11394

Oxşar yazılar