Zaqatalada kəndləri zərərvericilər basıb.
Məsələ ilə bağlı Lent.az-ın sorğusuna Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, qonşu dövlətlərdən Gürcüstan, Türkiyə, Qazaxıstan respublikalarında, habelə Rusiya Federasiyasının cənubunda yayılmış Qəhvəyi mərmər bağacığı (Halyomorpha halys) 2021-ci ildə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinqlər zamanı Şəki-Zaqatala bölgəsidə aşkar edilib:
"Yüksək fitosanitar risk daşıyan sözügedən zərərvericinin aşkarlandığı ərazilərdə gözlənilən mənfi təsirlərinin minimuma endirilməsi üçün Agentlik tərəfindən aidiyyəti dövlət orqanlarına məktublar ünvanlanmış, işçi qruplar yaradılmış və təxirəsalınmaz tədbirlər planı hazırlanmışdır. 2022-ci ildə Agentlik tərəfindən ölkə üzrə bağacığın monitorinqi intensivləşdirilmiş və bu məqsədlə feremon tələlələr meyvə bağlarında quraşdırılmış və mütəmadi izlənilməsi təmin edilmişdir.
Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2022-ci il tarixli, 819s nömrəli Sərəncamı ilə “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planının icrası çərçivəsində Agentlik tərəfindən aidiyyəti dövlət və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət Regional Əlaqələndirmə Mərkəzləri yaradılmışdır. Hazırkı dövrədək Regional Əlaqələndirmə Mərkəzləri tərəfindən zərərvericiyə qarşı sistemli monitorinq və mübarizə tədbirlərinin görülməsi davam etdirilir.
Tədbirlər Agentlik tərəfindən monitorinqlər aparılaraq feromon tələlərin asılması zərərvericinin umumi populyasiya sıxlığına nəzarət edilməsi və sonrakı mübarizə tədbirlərinin təşkilinin təmin etdirilməsindən ibarətdir. Lakin bəzi hallarda yanlış təsəvvür yaranır ki, tək mübarizə üsulu feromon tələlərin asılmasında ibarətdir, halbuki zərərvericinin bir neçə inkişaf fazası mövcuddur və hər faza üçün ayrı-ayrı mübarizə üsulunun tətbiqi zəruridir.
Həmçinin, Mərkəzlər tərəfindən sahibkarlar və vətəndaşlarla müntəzəm görüşlər keçirilərək, zərərverici haqqında ətraflı maarifləndirmə işləri aparılır. Xüsusi olaraq qeyd olunmalıdır ki, Qəhvəyi mərmər bağacığının payız və qış dövrlərində onun qışlama yerlərinin aşkar edilərək mexaniki üsullarla məhv edilməsi vacib tədbirlərdən biridir, lakin bəzi hallarda vətəndaşlar tərəfindən bu mübarizənin aparılmasında çətinliklər yaradılır. Zərərverici qışlama dövrünü qapalı yerlərdə keçirdiyi üçün, ona qarşı mübarizə aparılması öhdəliyi vətəndaşların üzərinə düşür.
Onu da qeyd edək ki, Qəhvəyi mərmər bağacığı Gürcüstan Respublikasının Azərbaycanla həmsərhəd bölgələrində geniş yayılıb və beynəlxalq istinadlara görə, 2016-cı ildə həmin ölkədə fındıq istehsalına 53-69 milyon ABŞ dolları həcmində ziyan vurub. Gürcüstanın müvafiq qurumları tərəfindən aparılan mübarizə tədbirləri, habelə zərərvericinin biologiyasına uyğun olaraq sentyabr ayının sonlarından qışlama üçün sığınacaq yerləri axtarması onun kütləvi şəkildə Azərbaycan ərazilərinə miqrasiyasına səbəb olur.
Son günlər ölkənin müxtəlif bölgələrində ictimai-iaşə obyektlərində, yaşayış evlərində, təsərrüfat tikililərində, anbarlarda və digər qapalı məkanlarda bağacığın daha çox rast gəlinməsi də bununla əlaqədardır.
Qeyd edilməlidir ki, digər zərərvericilərdə olduğu kimi, Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi yalnız aidiyyəti dövlət qurumlarının deyil, həm də sahibkarların və ailə təsərrüfatlarının öhdəliyidir. Buna görə də mübarizə tədbirlərində onların bilavasitə iştirakı zəruridir.
Bütün qeyd edilənlərdən aydın olur ki, müvafiq dövlət orqanları öz öhdəliyinə düşən tədbirləri həyata keçirsə də, sahibkarlar, fermerlər və vətəndaşlar zəruri mübarizə tədbirlərini yerinə yetirmədiklərinə görə dövlət qurumları tərəfindən keçirilən mübarizə tədbirləri istənilən nəticəni vermir və bu da zərəvericinin artmasına səbəb olur.
Qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə və təmir işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır.
Qeyd edək ki, beynəlxalq təcrübədə Qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir.
AQTA-nın mütəxəssislərinin respublika ərazisində apardığı monitorinq zamanı Qəhvəyi mərmər bağacığının yetkin fərdlərinin evlərin çardaqlarında, yarımtikililərdə asılmış və ya yerləşdirilmiş köhnə paltarlardan, pərdələrdən, xalçalardan, boş karton qutulardan qışlama yerləri kimi istifadə etdikləri müşahidə edilib. Belə ki, belə “sığınacaqlara” toplaşaraq qışlayan yetkin fərdlərin daha sonra yığılaraq mexaniki yolla məhvi mümkündür.
Qəhvəyi mərmər bağacığı aşkar olunduğu hallarda kimyəvi mübarizə tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməli və zərərvericinin uçuş fəallığının azaldığı axşam saatlarında yerinə yetirilməlidir.
Vətəndaşlar Qəhvəyi mərmər bağacığı ilə mübarizədə diqqətli və məsuliyyətli olmalıdırlar. Həmçinin onlar Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri barədə əlavə məlumat almaq üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə zəng vura, eləcə də aidiyyəti qurumlara müraciət edə bilərlər. Eyni zamanda Regional Əlaqələndirmə Mərkəzlərinin “Qaynar xətt”inə (Qərb rayonları üzrə: +994 99 708 85 88, şimal-qərb rayonları üzrə: +994 99 308 85 88) zəng vura bilərlər".
***
15:04
Zaqatalanın kəndlərini böcəklər basıb.
İş o həddə çatıb ki, sakinlər evlərinə girə bilmirlər.
Lent.az-a müraciət edən sakinlər bildiriblər ki, rayonun Üçüncü Tala, Lahıc, Bəhmədli, Qandax, Əliabad, Mosul, Muxax və digər bir sıra kəndlərinə həşəratlar yayılıb.
Əvvəllər yalnızca həyətdə, ağaclarda olan böcəklər, artıq evlərə də hücüm çəkir. Kəndlilər qeyd edir ki, hətta onları öldürmək istəyəndə belə, ətrafa spesifik pis qoxu yayılır.
Uzun müddətdir problemlərini sosial şəbəkədə paylaşsalar da, hələ də sözügedən kəndlərdə dezinfeksiya işləri aparılmır.