Bakıda koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanalardakı vəziyyət barədə sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında məlumatlar yayılır. Şikayət xarakterli bu məlumatlarda dərman çatışmazlığından tutmuş, həkim diqqətsizliyinə qədər müxtəlif məqamlar yer alır. Son günlərdə Kliniki Tibbi Mərkəzlə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər də bu qəbildəndir.
Bu cür şikayətlərə diqqət yetirilirmi? Onlarla bağlı hər hansı ölçü götürülürmü?
TƏBİB-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, mətbuatda və sosial şəbəkələrdə yer alan şikayətlərin hər biri araşdırılır. Qeyd olunub ki, Kliniki Tibbi Mərkəzlə bağlı sosial şəbəkələrdə yayılan fikirlər və videomateriallarla bağlı, xəbər verildiyi kimi, artıq araşdırmalar aparılır: "Xəstəxanadakı vəziyyət və çatışmazlıqlar barədə məlumatlıyıq və onların aradan qaldırılması istiqamətində fasiləsiz işlər görülür".
TƏBİB-dən o da bildirilib ki, hər bir xəstəxananın həkim-infeksionist koordinatorları var və xəstələrin müalicəsi protokol əsasında aparılır.
"Digər xəstəxanalarla bağlı şikayətlərə də baxılır. Hər hansı çatışmazlıq aşkarlanarsa, dərhal müdaxilə edilir".
TƏBİB-dən verilən məlumata görə, bəzən vətəndaş bilmədən "mənə ancaq sistem vurulur, dərman verilmir" və digər bu kimi şikayətlər edir: "Dəfələrlə qeyd etmişik ki, hər pasiyentin kliniki vəziyyətinə uyğun olaraq, protokola əsasən tələb olunduqda, müalicə təyin edilir. Vətəndaşlar çox hallarda bu qərarlara müdaxilə etmək istəyirlər".