“Səhiyyə nazirinin koronavirusla bağlı verdiyi əmrdən sonra 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasında da hazırlıq işləri aparılıb, uyğun palatalar və çarpayılar ayrılıb”.
Bu barədə APA-ya 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasının baş həkimi Mehriban İsayeva bildirib.
O bildirib ki, koronavirusla bağlı nazirin əmrindən sonra TƏBİB, Səhiyyə Nazirliyi və Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən lazımi təlimat və tövsiyələr verilib.
M. İsayeva son zamanlar yayılan virusla bağlı da məlumat verib. O qeyd edib ki, əhalinin qrip adlandırdığı özü ayrılıqda başqa bir virusdur: “Qrip özü də kəskin respirator virus xəstəliklərini törədən həmin qrupa daxil olan viruslardan biridir. Burada olan digər viruslar – rinovirus, respirator sinsitial, adenaviruslar – bunlar hamısı yuxarı və aşağı tənəffüs yollarının kəskin respirator xəstəliklərini törədən viruslardır. İndi yayılan mövsümi A və B qripi, həm də kəskin respirator xəstəliklərdir. Mövsümlə əlaqədar kəskin respirator xəstəliklərlə bağlı müraciətlər olsa da, hazırda xüsusi təhlükəli infeksiyalarla bağlı müraciət yoxdur. Eyni zamanda müalicə olunan uşaqlar arasında xüsusi təhlükəli infeksiyaya şübhə yaradan simptomları olan uşaqlar da olmayıb. Müayinələr nəticəsində koronovirus, istərsə də başqa təhlükə yaradacaq viruslar aşkarlanmayıb”.