"Gedək çayxanada dərs deyək?" - Repetitorlar cavab gözləyir
18 may 2020 17:56 (UTC +04:00)

"Gedək çayxanada dərs deyək?" - Repetitorlar cavab gözləyir

“Uzun müddət orta məktəblərdə və hazırlıq kurslarında, repetitorluqda ənənəvi dərslərin dayanması qəbul imtahanlarının nəticəsinə təsir göstərəcək”.

Bu sözləri Lent.az-a mayın 18-dən mayın 31-dək qrup halında fərdi tədris və repetitor xidmətlərinin (o cümlədən bu sahədə evlərdə xidmət) dayandırılmasını şərh edən təhsil eksperti Kamran Əsədov deyib: “Heç də bütün şagirdlər online dərslərə qoşula bilmədi və online dərslərin keyfiyyəti ənənəvi dərslərlə müqayisədə aşağı idi. Bütün bunlar isə imtahanların nəticələrinə təsir edəcək. Bundan başqa imtahanlarda situasiya tipli testlərdən istifadə də imtahan nəticələrinə mənfi təsirini göstərəcək. Əvvəlki illərlə müqayisədə bu il abituriyentlər sistemli şəkildə ali məktəblərə hazırlaşa bilmədilər.

Digər tərəfdən qəbul imtahanlarının keçən illə müqayisədə 1 dəfə keçirilməsi, sınaq imtahanlarının olmaması qəbul imtahanlarının nəticələrinə təsir edəcək.

Təəssüflər olsun ki, Nazirlər Kabineti repetitorların müqəddaratını həll edən qərarı dolaşıq verir. Son qərar isə tamamilə anlaşılmaz idi. Baxmayaraq ki, aprelin 27-dən etibarən repetitorların fəaliyyətinə qismən icazə verilmişdi, mayın 16-da verilən qərarı təhlil edəndə anlaşımaz terminləri görə bilirik. Belə ki, təhsil terminologiyasında  qrup halında fərdi təhsil yoxdur və bu repetitorluğun tərkib hissəsi sayılır. 16 may qərarında isə repetitorluğu qadağan edən fikir var idi. Ona görə də hesab edirəm ki, konkret olaraq repetitorların  fəaliyyətinə məhdudiyyət aradan qaldırılmalıdır”.

Qeyd edək ki, K.Əsədov sosial şəbəkədə bu gündən etibarən açılan restoran, kafe və  çayxanaların fonunda repetitorluğun fəaliyyətinə icazə verilməməsinə narazılıq ifadə edib. O bildirib ki, kafelər açıla bilər, amma gələn ay qəbul və burxılış imtahanı verəcək şəxslər üçün kurslar, mərkəzlər fəaliyyət göstərə bilməz: “Onda biz də gedək çayxanada dərs keçək? Yoxsa hazırlıq kursları adlarının qarşısına çayxana sözünü əlavə etsinlər?”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14713
avatar

Aygün İbrahimli

Oxşar yazılar