2016-cı il 26 sentyabrda dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək məqsədilə referendum keçirildi. Təklif olunan dəyişikliklərdə Azərbaycanın siyasi tarixində ilk dəfə olaraq dövlət idarəetmə sistemində yeni institusional çərçivənin formalaşdırılması nəzərdə tutulurdu. Azərbaycan Respublikasının vitse-prezidentləri vəzifələrinin təsis edilməsinə dair Konstitusiyaya təklif edilən dəyişiklik prezidentin fəaliyyətinə hərtərəfli dəstəyin göstərilməsi, zərurət yarandığı halda prezidentin səlahiyyətlərinin səmərəli şəkildə yerinə yetirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Referendum vətəndaşların razılığı ilə qəbul olundu.
2017-ci il 21 fevral tarixində isə konstitusion dəyişikliklərdən irəli gələrək siyasi idarəçilik tariximizdə yeni mərhələnin əsası qoyuldu. Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildi. Mehriban xanım 2004-cü ildən etibarən ulu öndər Heydər Əliyevin adını daşıyan Fondun Prezidenti, 2005-ci ildən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə partiya sədrinin müavinidir. UNESCO və ISESCO-nun xoşməramlı səfiri, yüksək idarəçilik qabiliyyətinə sahib olan Mehriban Əliyeva “Eurovision-2012” mahnı müsabiqəsinin, ilk Avropa oyunlarının yüksək səviyyədə hazırlanmasına təşkilatçılıq etmişdir. Təsadüfi deyildir ki, bu il baş tutacaq İslam Həmrəyliyi oyunlarının Təşkilat Komitəsinin sədri də Mehriban Əliyevadır. Bu onun peşəkar təşkilatçılıq qabiliyyətindən xəbər verir. Mehriban xanım Azərbaycan mədəniyyətinin, incəsənətinin, tarixinin bütün dünyada tanınması istiqamətində illərdir ki, yorulmaz fəaliyyət göstərir. Bütün bu uğurlu işlərin nəticəsidir ki, Mehriban xanımın birinci vitse-prezident təyin olunması böyük məmnunluqla qarşılandı.
Martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə ilk müşavirə keçirildi. İclas Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuşdu. Azərbaycanın Birinci vitse-prezidenti Bakı və Sumqayıt şəhərlərindəki qaçqın və məcburi köçkünlərin yeni mənzillərə köçürülməsinin vacibliyini vurğulayaraq bu məqsədlə əlavə vəsaitin və yeni binaların inşası üçün ərazinin ayrılmasının və tezliklə tikinti işlərinə başlanılmasının zəruriliyini qeyd etdi. Mehriban xanım onu da vurğuladı ki, Bakı və Sumqayıtda inşa olunan yeni binalarda qaçqın və məcburi köçkünlərin köçürülməsi üçün mənzillər ayrılmalıdır. O, bu məsələnin qısa zamanda həlli üçün birgə çalışmağın əhəmiyyətini ifadə etdi.
“Bu gün qarşımızda duran əsas məqsəd Bakı və Sumqayıt şəhərlərindəki 4 min köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir. Ən qəzalı, ən ağır vəziyyətdə yaşayan ailələr tezliklə yeni binalara köçürülməlidir”, - deyən Mehriban Əliyeva bu istiqamətdə müvafiq dövlət orqanları arasında əlaqələndirilmənin aparılması ilə bağlı göstərişlərini verərək qaçqınların və məcburi köçkünlərin işlə təmin olunması istiqamətində rayon icra hakimiyyətlərinə təkliflər hazırlamağı tapşırdı. Mehriban Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tapacağına, ərazi bütövlüyümüzün bərpa olunacağına, bütün qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacağına əminliyini ifadə etdi.
Sosial problemləri, aztəminatlı ailələri daim diqqət mərkəzində saxlayan Mehriban xanım birinci vitse-prezident kimi ilk müşavirəsində də bu problemə toxunmaqla bir daha ona olan ümid və inamı doğrultdu. Şübhəsiz demək mümkündür ki, bu təyinat beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilən Azərbaycanın daha da modernləşməsinə növbəti təkan olacaq.
Nailə Məmmədova
“Azerbaijan Realities”