Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Əhməd Osmani ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Əfqanıstan münasibətlərinin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycanın iştirakı və təşəbbüsü ilə regionda həyata keçirilən layihələr, Bakı-Tiflis-Qars dəmir yolu layihəsi haqqında fikir mübadiləsi aparılıb.
Əfqanıstanın xarici işlər naziri ölkəsinin Mərkəzi Asiya vasitəsilə bu dəhlizə çıxış əldə etməkdə maraqlı olduğunu deyib.
Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, Əfqanıstanda həyata keçirilən infrastruktur layihələrinə ölkəmizin cəlb olunması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Söhbət əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.