Xankəndi konsertində UNESCO-nun loqosundan istifadə məsələsi qaldırılacaq
04 fevral 2015 14:56 (UTC +04:00)

Xankəndi konsertində UNESCO-nun loqosundan istifadə məsələsi qaldırılacaq

“Bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qaldığı torpaqlarda konsert təşkil etmək sülhə deyil, işğal və təcavüzün təşviqinə xidmətdir”.

 

APA-nın məlumatına görə, bunu  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Music for peace” (“Sülh naminə musiqi”) adlanan qeyri-hökumət təşkilatı tərəfindən 6 fevral tarixində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində konsert proqramının təşkil ediləcəyi barədə xəbəri şərh edərkən bildirib.

 

O qeyd edib ki, “Sülh naminə musiqi”dən danışan təşkilatın iddia etdiyi adı ilə həyata keçirdiyi missiya arasında ziddiyyət var.

 

“Bir milyondan artıq azərbaycanlının qanlı etnik təmizləməyə məruz qaldığı və hərbi təcavüz və terror nəticəsində Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında konsertin təşkil edilməsi sülhə deyil, işğal, təcavüz, qanlı etnik təmizləmə və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasının təşviqinə xidmət edir. “Music for peace” adlı təşkilat öz məsuliyyətini dərk edərək, bu kimi təxribatçı əməldən çəkinməlidir. Əks təqdirdə, işğal olunmuş ərazilərə qanunsuz səfər edəcək şəxslər Azərbaycan Respublikasında arzuedilməz şəxslər siyahısına daxil ediləcək”, – deyə H. Hacıyev vurğulayıb.

 

O əlavə edib ki, eyni zamanda UNESCO-nun loqosundan hansı əsasla layihənin rəsmi saytında istifadə edilməsi məsələsi də adıkeçən beynəlxalq təşkilat qarşısında qaldırılacaq: “Azərbaycanın UNESCO-dakı daimi nümayəndəliyinə bu barədə təlimat verilib”.

 

Qeyd edək ki, Ermənistan, Rusiya, Almaniya və Argentinadan olan musiqiçilər Azərbaycanın işğal olunmuş ərazilərində konsert verəcəklər.

 

APA-nın “Novosti Armenia”ya istinadən verdiyi məlumata görə, bu gün İrəvanda, fevralın 6-da isə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Xankəndi şəhərində “Music for peace” (“Sülh naminə musiqi”) layihəsi çərçivəsində konsertlərin keçirilməsi planlaşdırılır.

 

Mətbuata verilən açıqlamada qeyd olunub ki, turnedə iştirak edəcək musiqiçilərə bundan sonra Azərbaycana giriş qadağası ilə üzləşə biləcəkləri deyilib, lakin bu, onları dayandırmayıb.

 

Xankəndidə keçirilməsi planlaşdırılan konsertin və “master-klass”ların afişası turnenin rəsmi “music-peace.com” saytında da yerləşdirilib. Afişada fortepiano ifaçısı Mariya Nemtsova və saksofon ifaçıları Vitali Vatul, Dmitri Uvarov, Yevgeni Novikov və Xuan  Manuel Dominqesin adları qeyd olunub.

 

Saytda layihənin UNESCO və SMPBank tərəfindən dəstəkləndiyi də əksini tapıb, loqoları yerləşdirilib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 150
avatar

Oxşar yazılar