""CNN Türk"ün Azərbaycanın işğal olunmuş ərazisini ayrıca subyekt kimi təqdim etməsi təkcə medianın obyektiv xəbər vermək prinsipinin pozulması deyil. Bu, həm də beynəlxalq hüquqa hörmətsizlikdir".
Lent.az-ın xəbərinə görə, bunu "APA Holdinq" MMC-nin rəhbəri Vüsalə Mahirqızı Türkiyənin "CNN Türk" kanalının Azərbaycanın mövqelərinə hücum edərkən cavab atəşi ilə vurulmuş helikopterlə bağlı xəbərindəki təqdimatına münasibət bildirərkən deyib.
V. Mahirqızının sözlərinə görə, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisidir: "CNN Türk"ün Dağlıq Qarabağı ayrıca subyekt kimi təqdim etməsi, onun "ordusu" barədə reportajda qondarma sözünü istifadə etmədən təqdimat eləməsi təkcə media obyektivliyinin pozulması, oxucuya doğru olmayan informasiyanın verilməsi demək deyil. Bu məsələyə hətta qardaş xalqın media orqanının yanaşması kimi də münasibət bildirmirəm. Bu, beynəlxalq hüququn pozulması, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir".
Media rəhbəri hesab edib ki, bununla bağlı Azərbaycan mediasının "CNN Türk"ə etirazı olmalıdır: "Eyni zamanda müvafiq qurumların Türkiyənin radio-televiziya yayımına nəzarət edən rəsmi müraciət etməsini təklif edirəm".
Qeyd edək ki, Türkiyənin "CNN Türk" televiziya kanalı Azərbaycanın mövqelərinə hücum edərkən cavab atəşi ilə vurulmuş helikopterlə bağlı xəbərində Dağlıq Qarabağ ayrı subyekt kimi təqdim edib.