Vüsalə Mahirqızı: "İndi hər oxucunun öz saytı var"
02 mart 2017 19:09 (UTC +04:00)

Vüsalə Mahirqızı: "İndi hər oxucunun öz saytı var"

“Caspian PlatForum”in  "Yeni medianın trendləri: media şirkətlərin perspektiv inkişaf strategiyaları, sosial şəbəkələrə inteqrasiya" mövzusunda ictimai mühazirəsində “APA Holdinq” rəhbəri Vüsalə Mahirqızı Azərbaycanda yeni media trendləri ilə bağlı müşahidə və təcrübəsini bölüşüb.

 

 

Lent.az-ın məlumatına görə, V. Mahirqızı hazırda yeni mediada online xəbər resurslarının sosial mediaya inteqrasiya prosesinin getdiyini bildirib: " Hazırda online xəbər resurslarında trend budur: hansı şirkət sosial media ilə daha yaxşı işləyə bilirsə, həmin saytlar da gündəm yarada, ictimai müzakirə üçün mövzu verə bilirlər".

 

V. Mahirqızı deyib ki, hazırda xəbər yayımı ilə məşğul olan saytları iki yerə bölmək mümkündür: "Birinci, istehsalçı saytlar, ikincilər isə yalnız hazır xəbərlərin yayımı ilə məşğul olan aqreqatorlar".

 

Onun sözlərinə görə, ikinci qrup media resursları daha çoxdur : “Bunun əsas səbəbi odur ki, media resurslarında peşəkar, orijinal kontentin toplanması üçün yaxşı kollektivə ehtiyac var. Kollektiv üçün isə maliyyə imkanlarına, eyni zamanda reklam bazarının aktivliyi lazımdır. Bu imkanları olmayan, lakin sayt rəhbəri olmaq həvəsində olanlar daha çox aqreqator sayt işlətməyə üstünlük verirlər. Həmçinin nəzərə almaq lazımdı ki, ölkə ərazi və əhali etibarı ilə o qədər də böyük olmadığından xəbər potensialı, gündəm çevikliyi də o qədər bol deyil".

 

V. Mahirqızı bildirib ki, qarşıda online medianı sosial şəbəkələrlə daha peşəkar əməkdaşlıq gözləyir: ""Youtube"də qaydalar onsuz da sərtdir. Hazırda “facebook”da da qaydalar sərtləşdirilir, daha çox orijinal kontentə üstünlük verilir, müəllif hüquqları məsələsinə həssas yanaşılır. Bu isə medianın artıq sosial şəbəkələrdə işləmək üçün ixtisaslaşmış, qaydaları mənimsəmiş peşəkarlara ehtiyacı olmasından xəbər verir. Artıq piar strategiyasından xəbərsiz jurnalist və ya redaktorun sosial səhifədə işləməsi və bu inteqrasiyadan uğur qazanması mümkün görünmür".  

 

"APA Holdinq"in rəhbəri bildirib ki, xəbər şirkətləri artıq online aktiv istifadəçinin peşəkarlaşdığını da nəzərə almalıdır: " İlk dəfə sosial şəbəkə ilə tanış olanda ordakı hər şey bizə maraqlı gəlirdi. İndi isə biz ancaq sosial şəbəkənin maraq dairəmizdə olan funksiyalarından istifadə edirik. Eynilə xəbər saytlarına da münasibət belədir. Xəbər saytları yeni yarananda hər kəs ora can atırdı. Amma indi hər oxucunun belə desək, "öz saytı var". Oxucu onu maraqlandıran sahəyə aid saytı oxuyur. Buna görə də daha çox konkret oxucu kütləsinə ünvanlanmış saytlar önə çıxmağa başlayır".

 

V.Mahirqızı deyib ki, xəbər şirkətlərinin sosial media ilə inteqrasiyasının uğurlu olması üçün yeni kadrlara, xəbər işini bilən SMM-çilərə, piarçılara ehtiyac var: "Qida sənayesi üzrə ixtisaslaşmış marketoloqun xəbər satması mümkün deyil. Xəbər sənayesinin öz marketoloqları, piarçıları olmalıdır".

 

APA Holdinq"in təcrübəsindən danışan V. Mahirqızı şirkətin bütün sosial şəbəkələrdə işlədiyini, xüsusi olaraq sosial media ilə iş departamenti yaradıldığını da qeyd edib.

 

Şirkət rəhbəri bildirib ki, sosial media həm də xəbər şirkətləri üçün yaxşı mənbədir: "Mən həmişə tərəfdarı olmuşam ki, biz bu mənbədən peşəkar formada istifadə edək. Media daim ilk mənbə kimi sosial mediadan məlumatı almalı, onu dəqiqləşdirməli, məlumatı xəbər standartlarına gətirməli və yaymalıdır".  

 

O qeyd edib ki, hazırda sosial media xəbər şirkətləri üçün həm xəbərin əldə olunması, istehsalı, həm də bazarlanması üçün yaxşı müstəvidir.  

 

V. Mahirqızı hesab edib ki, online media şirkətləri gələcəkdə yalnız xəbər istehsalı ilə kifayətlənməməli, internetin biznes imkanlarından da yararlanmalıdırlar.

 

Daha sonra V. Mahirqızı sualları cavablandırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209
avatar

Oxşar yazılar