“Fraksiya yaradılması Müsavatın Nizamnaməsində nəzərdə tutulmursa, bunu Nizamnaməyə sala bilərlər”.
Bu sözləri APA-ya açıqlamasında Müsavat Məclisinin üzvü Vurğun Əyyub qurultayın nəticəsindən narazı qalanların partiya daxilində fraksiya yaradılması təkliflərinə münasibət bildirərkən deyib. V. Əyyub bildirib ki, partiya daxilində fraksiya yaradılması hələlik səslənən təkliflərdən biridir. Onun sözlərinə görə, fraksiya partiyanın güclənməsinə xidmət edəcək: “Müsavat Partiyası rəhbərliyinin fraksiya yaradılmasının qarşısını necə alacağı bəlli deyil. Əslində fraksiya yaradılması və digər təkliflər də partiyanın gücləndirilməsinə, alternativ fikrin formalaşmasına xidmət edir və partiyadan getmək istəyənlərin uzaqlaşmaması üçün bir mexanizm kimi düşünülüb”.
V. Əyyub Müsavat rəhbərliyini fraksiya məsələsində vahiməyə düşməməyə çağırıb: “Fraksiya yaradılması Nizamnamədə yoxdursa, bunu Nizamnaməyə sala bilərlər. Bu adamlar niyə belə vahiməyə düşüblər? Fraksiya yaratmaq istəyənlər alternativ fikir üçün meydən istəyirlər. Burada vahiməyə düşmək üçün bir səbəb yoxdur”.
Xatırladaq ki, Müsavat Partiyasının başqanı Arif Hacılı, başqan müavini Gülağa Aslanlı fraksiya yaradılmasını partiyanın Nizamnaməsinə zidd addım kimi qiymətləndirərək bunun qarşısının alınacağını bəyan ediblər.