Ermənilərin Xankəndi şəhərində üzərində qondarma məhkəmə prosesi keçirdiyi Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyə hazırlaşır. Bunun üçün lazım olan hüquqi sənədlər də artıq hazırdır. Müraciətdə 4 ay ərzində girov saxlanılan soydaşlarımızın erməni separatçıları tərəfindən hansı işgəncələrə mərz qaldığı dünyaya nümayiş etdiriləcək.
Lent.az-ın məlumatına görə, Dilqəm Əsgərovun ailə üzvləri İTV-yə bildiriblər ki, dünya ictimaiyyəti də Kəlbəcərdə - öz doğma torpaqlarında erməni silahlıları tərəfindən girov götürülən həmyerlilərimizə qurulan saxta və qondarma məhkəməyə biganə qalmamalıdır. Avropa İnsan Haqları Məhkəməsinə ünvanlanacaq müraciətin əsas məğzi də məhz bu çağırışdan ibarətdir.
“Biz Xankəndində Dilqəmin və Şahbazın üzərində qurulan məhkəməni qanunsuz sayırıq. Onlar günahsız ittiham olunurlar, biz o məhkəməni tanımırıq. Çünki nə Dilqəm Əsgərov, nə də Şahbaz Quliyev heç bir qanun pozuntusuna yol verməyib, onlar öz vətənlərinə, öz yurduna-yuvasına gediblər. Dilqəm öz anasının qəbrini ziyarət etməyə gedib. Ona görə də qondarma Dağlıq Qarabağ Respublikasında qurulan məhkəməni heç Dilqəm də tanımır, biz də tanımırıq, heç bir dövlət də tanımır” – deyə, Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova bildirib.
Bu arada Milli Məclisin sədr müavini Bahar Muradova da 4 ay əvvəl Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvlərinin Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək istəmələrini dəstəkləyib. Vitse-spiker bildirib ki, ermənilərin girov saxladıqları soydaşlarımızın ailə üzvlərinin və hüquq müdafiəçilərinin beynəlxalq təşkilatlara müraciət etməsi qanunidir: “O hüquqları və vəzifəni öz üzərinə götürə biləcək hüquq müdafiəçilərinin, eləcə də girovların ailə üzvlərinin müvafiq qurumlara, beynəlxalq təşkilatlara belə bir müraciət ünvanlaması tam qanunidir. Müraciətin ünvanlandığı beynəlxalq təşkilatların da bu məsələni icraata götürməsi eyni şəkildə qanunidir”.
Bahar Muradova ABŞ hökumətini də bu məsələdə iki standartlarla yanaşmaqda ittiham edib. O qeyd edib ki, erməni separatçılarının girovlar üzərində keçirdiyi qondarma məhkəmədən ABŞ hökumətinin xəbərsiz olması inandırıcı görünmür: “Bu məsələdə qeyri-səmimilik açıq-aşkar özünü göstərir. Neçə olar bilər ki, dünyanın ən ucqar nöqtələrində baş verən ən kiçik hadisə belə, ABŞ-a, onun Dövlət Departamentinə, müvafiq qurumlarına anındaca bəlli olur və onlar dərhal bu məsələlərə reaksiya verirlər, amma ermənilərin Azərbaycan vətəndaşları üzərində qurduğu qondarma məhkəmədən xəbərsiz olurlar?! Halbuki mən mətbuat, həm də diplomatik xətt vasitəsilə bu məsələ barədə onlara müraciətlər etmişəm. Bu gün Dövlət Departamentinin sözçüsünün “bu barədə bizdə məlumat yoxdur” söyləməsi ABŞ hökumətinin müvafiq qurumlarının fəaliyyətini şübhə altına alır. Bunun özü də ikili standartlardan və qeyri-səmimilikdən xəbər verir”.
Bahar Muradova bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatlarını da Dilqəm Əsgərovun və Şahbaz Quliyevin üzərində qurulan qondarma məhkəməyə ikili standartlarla yanaşmada ittiham edib.
Vitse-spiker ABŞ hökumətini qeyri-səmimilikdə ittiham etdi
654