Ukraynada Həmrəylik Günü qeyd olunub
24 dekabr 2012 10:57 (UTC +04:00)

Ukraynada Həmrəylik Günü qeyd olunub

0

Ukraynanın Dnepropetrovsk vilayətinin mərkəzi Dnepropetrovsk şəhərində bu ölkənin Mədəniyyət Nazirliyinin, Vilayət Qubernatorluğu və Ukrayna Azərbaycanlılar Konqresi (UAK) vilayət konqresinin təşəbbüsü ilə qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı tədbir keçirilib.

 

APA-nın məlumatına görə, tədbirə bütün ölkə üzrə Azərbaycan diasporu, yerli hökumətdən olan nümayəndələr toplaşıb.

 

Vilayətin mərkəzi dram teatrında baş tutan tədbir Azərbaycan və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində diaspora üzvləri tərəfindən qeyd olunur. Toplantıda UAK sədri, Ukrayna üzrə Azərbaycan diasporunun rəhbəri Rövşən Tağıyev son illər gənclərin diaspora işinə fəal qoşulduğunu və bu sahədə səylər göstərdiyini vurğulayıb. UAK sədri eyni zamanda qeyd edib ki, Ukraynada yaşayan həmvətənlərimiz bu ölkəyə daha çox inteqrasiya etməli və bunun üçün dövlətin qanunlarını bilməli, Ukrayna dilini mənimsəməlidir.

 

Sonra tədbirdə Dnepropetrovsk vilayətinin qubernatoru Aleksandr Vilkulun təbrik məktubu oxunub. Görüşdə çıxış edən Dnepropetrovsk vilayət Şurasının azərbaycanlı deputatı Fəxrəddin Muxtarov bildirib ki, 31 dekabr tarixi azərbaycanlıları dostluğa, ümumi xeyirxah işlərə çağırır.

 

Toplantıda iştirak edən Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Surəddin Hümbətov öz çıxışında Komitə sədri Nazim İbrahimovun tədbir iştirakçılarına salamlarını çatdırıb. O qeyd edib ki, Ukrayna və Azərbaycan xalqları arasında dostluq münasibətləri hər zaman olub və bu dostluq əbədi qalacaq. UAK Dnepropetrovsk vilayət Konqresinin sədri Qüdrət Hacıyev isə vilayət ərazisində yaşayan azərbaycanlıların diaspor quruculuğunda yüksək fəallıq nümayiş etdirdiyini qeyd edib.

 

UAK Dnepropetrovsk vilayət Konqresinin sədr müavini, hüquq müdafiəçisi Zöhrab Cəfərov isə təşkilatın həyata keçirdiyi layihələr barədə məlumat verib. Tədbirdə iştirak edən UAK Dnepropetrovsk vilayət Konqresinin Ağsaqqallar Şurasının sədri Zubiyar Əliyev, təşkilatın Məclis sədri Akif Gülməmmədov qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar öz təbriklərini səsləndiriblər.

 

Tədbir diaspor işində fəallığı ilə seçilən bir qrup azərbaycanlı gəncin mükafatlandırılması, ukraynalı aktyorların iştirakı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovlinin əsərlərindən parçaların göstərilməsi və Azərbaycandan dəvət olunmuş xanəndə Gülay Zeynallının konsert proqramı ilə davam edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 686

Oxşar yazılar