“Türkiyə və Azərbaycandakı seçkilərdən sonra dövlət və hökumət rəhbərlərinin ilk qarşılıqlı rəsmi səfərləri artıq ənənəyə çevrilib. Mən də Azərbaycan prezidenti İlham Əliyevin dəvətiylə qardaş Azərbaycana səfər etməkdən məmnunam”.
APA-nın Türkiyənin rəsmi Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti kimi Azərbaycana ilk səfərə gələn Rəcəb Tayyip Ərdoğan hava limanında jurnalistlərə açıqlamasında deyib.
Prezident bildirib ki, Azərbaycanla Türkiyəni tarixi, mədəni, milli köklər bir-birinə bağlayır, din və dil birliyi mövcuddur: “Azərbaycanın müstəqilliyini qazandığı gündən bu yana birlikdə çalışaraq münasibətləri “strateji tərəfdaşlıq" səviyyəsinə qədər qaldırmışıq”.
Ərdoğan deyib ki, Azərbaycan prezidenti ilə ikitərəfli münasibətlər və əməkdaşlıq perspektivlərinin bütün tərəfləri müzakirə olunacaq: "Həmçinin beynəlxalq və regional məsələləri müzakirə edəcəyik. Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşümüz olacaq”.
Türkiyə prezidenti iki ölkənin region üçün çox əhəmiyyətli olan böyük layihələrə imza atdığını da vurğulayıb: "Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Ərzurum qaz kəməri ölkələrimiz arasında enerji sahəsindəki işbirliyinin ən önəmli örnəkləridir. Bu iki layihə iki ölkə arasındakı münasibətlərə təkan verməklə yanaşı regional rifah və inkişafa da yardım edir. Azərbaycan qazını Türkiyəyə və ölkəmizin üzərindən Avropaya daşıyacaq olan TANAP-ın və Bakı-Tiflis-Qars dəmiryolu xəttinin də fəaliyyətə başlaması üçün işlər davam etdirilir”.
Ərdoğan deyib ki, Azərbaycan prezidenti ilə görüşündə Cənubi Qafqazda sülh və sabitliyin qorunub saxlanması da müzakirə mövzusu olacaq: “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi ilə bağlı görülən işlər barədə də müzakirə aparacağıq. Türkiyənin bununla bağlı görə biləcəyi işləri də dəyərləndirəcəyik”.
Prezident qeyd edib ki, bu səfərinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrini daha da dərinləşdirəcəyinə inanır.