QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində “TURKSAM” Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ: işğal öncəsi və sonrası” adlı foto və “3 nəsil, 1 soyqırım” adlı əşya sərgisinin açılış mərasimi keçirilib. Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sərgiyə Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, millət vəkilləri, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, Milli Məclisin deputatı Musa Qasımlı, diplomatik korpusların, medianın və QHT-lərin çox sayda nümayəndələri qatılıb.
“TURKSAM” sədri, millət vəkili Sinan Oğan sərgini açıq elan edərək həyata keçirilən layihənin mahiyyəti haqqında iştirakçılara məlumat verib.
Sərgidə çıxış edən TBMM-nin sədri Cəmil Çiçək deyib ki, bir çox dövlətlər və beynəlxalq təşkilatlar Suriya, Ukrayna və İraqdakı insan haqlarının vəziyyətindən narahatlıqlarını durmadan bildirirlər. Lakin 22 ildən artıq müddətdə 1 milyondan çox azərbaycanlının yurd yerlərinin işğal altında olmasından, Qarabağda erməni təcavüzkarlığı səbəbindən insanlıq faciəsi yaşanmasından söz açmırlar. “Haqqa, hüquqa söykənməyən bir işğal və bunun nəticəsində hələ də cəzasını almamış vəhşiliklər, cinayətlər var. Bu cinayətlərin əmrini verənlərin içərisində Ermənistanın bu günkü prezidenti də var” deyən Cəmil Çiçək Qarabağ münaqişəsinin ədalətli həlli üçün yalnız Azərbaycanın deyil, özünü türk sayan hər kəsin çalışmasının vacibliyini vurğulayıb. Daha sonra TBMM-nin sədri sərginin xatirə dəftərinə düşüncələrini yazıb.
Tədbirdə Qarabağa heç zaman getməyən, orada soydaşlarımızın başına gətirilən faciələrdən məlumatlı olmayanlar üçün kifayət qədər foto və əşyanın olduğunu deyən TBMM-nin sədri 10 dekabr - Beynəlxalq İnsan Haqları Günündə bu sərginin Türkiyə Böyük Millət Məclisinin binasında da təşkil edilməsini təklif edib.
Toplantı iştirakçılarına “Qarabağda 3 nəsil, 1 soyqırım” adlı kitab hədiyyə olunub.