“Ümid etmək istəyirəm ki, qalib tərəf olan Arif Hacılı və onun tərəfdarları dünənki müşavirədən müəyyən nəticələrə gəliblər və müşavirəyə qədərki davranışlarında bir dəyişiklik olacaq”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd, partiyada narazıların yaratdığı işçi qrupun üzvü Tural Abbaslı deyib.
T. Abbaslı bildirib ki, hazırda partiyada 3 tərəf var. Onun sözlərinə görə, Qubad İbadoğlu və tərəfdarları qurultayın nəticələrini qəbul etmək istəmir, partiyanın başqanı Arif Hacılı və tərəfdarları hər şeyin yaxşı olduğunu bəyan edir, o özü (T. Abbaslı) isə tərəfdarları ilə birlikdə qurultayın nəticələrini, legitimliyini şübhə altına almır, ancaq qurultaydan sonra partiyanın idarəçiliyindən narazıdır: “Müşavirədə üzbəüz sözlərimizi dedik, cavablarımızı aldıq, bu baxımdan müşavirəni müsbət dəyərləndirirəm. İsa Qəmbər də mövqeyini açıqladı, fraksiyanın yaradılmasının əleyhinə olduğunu, bunun böhranını davam etməsində rol oynayacağını, ancaq nəzəri baxımdan fraksiya yaradılmasının Nizamnamə pozuntusu olmadığını bildirdi. Bəlkə də İsa Qəmbərin yanaşması nəzəri baxımdan düzgündür. Narazılar bir struktur kimi formalaşırsa, partiya daxilində iki qrup rəsmiləşirsə, böhranın daha da uzanması mümkündür. Həm də fraksiya yaranandan sonra münasibətlər kəskinləşəndə Mərkəzi Nəzarət-Təftiş Komissiyasının cəza tədbirlərinə əl atması ehtimalı var. Məncə, İsa Qəmbər çıxışında həm də buna işarə vurmaq istəyirdi. Yeri gəlmişkən, İsa Qəmbər bir müddət əvvəl bir status yazmışdı, həmin statusa bir müddət sonra aydınlıq gətirəcəyini qeyd etmişdi. Mən şəxsən indi də İsa Qəmbərin həmin statusa aydınlıq gətirməsini gözləyirəm”.
T. Abbaslı qeyd edib ki, A. Hacılı və tərəfdarlarının müşavirədən sonrakı mövqelərindən asılı olaraq addımlar atılacaq: “Əsas məqsəd fraksiya yaratmaq, qurultay sonrası böhranı uzatmaq deyil. Əsas məqsəd partiyadaxili münasibətlərin yaxşılaşdırılması, demokratik münasibətlərin formalaşdırılmasıdır. Əgər partiya rəhbərliyi fraksiya yaradılmadan bunu edəcəksə, fraksiyaya ehtiyac qalmayacaq. Mən ən azı 2-3 gün gözləməyin tərəfdarıyam ki, bu müşavirənin real işdə hansı nəticələr verəcəyini görək. Arif Hacılı və tərəfdarlarının mövqelərində dəyişiklik olmadığı halda fraksiya yaradılması məsələsi yenə gündəmdə qalacaq”.
T. Abbaslı onu da əlavə edib ki, işçi qrupda iki tərəf - onun və Qubad İbadoğlunun tərəfdarları təmsil olunur: “Mən və tərəfdarlarımın konkret qərarı var, əgər münasibətlər belə gedərsə, biz fraksiyanın yaradılmasını istəyirik. Amma deyəsən, hələ Qubad İbadoğlunun tərəfdarları arasında fraksiya yaradılması məsələsi ilə bağlı birmənalı fikir yoxdur, qərar şəklində formalaşmayıb. Düzdür, onların da əksəriyyəti fraksiyanın yaradılmasını istəyir, amma tərəddüdü olanlar, alternativ fikirlər səsləndirənlər də var. Düzü, biz hələ Qubad İbadoğlu və tərəfdarlarının da qərarını gözləyirik. Bizim tərəfdə hər şey aydındır. Gərək Qubad İbadoğlu da konkret mövqe ortaya qoysun”.