Türkiyənin İstefada olan Zabitlər Birliyi (TESUD) və Türkiyə Müharibə Veteranları Təşkilatı (TÜMGAZİDER) Dağlıq Qarabağa gedən Türkiyə vətəndaşları ilə bağlı məlumat yayıb. Lent.az təşkilatın saytına istinadən xəbər verir ki, məlumatda Azərbaycandan icazə almadan işğal altındakı əraziyə gedən Türkiyə vətəndaşlarının qanun qarşısında cavab verəcəyi qeyd edilib.
Bildirilib ki, səfər bu ilin 22 oktyabr tarixində baş tutub. Bəyanatı imzalayan təşkilatlar bu addımı sərt qınayaraq bəyan ediblər ki, Qarabağ tarixi Azərbaycan torpağıdır və Türkiyə vətəndaşlarının ora qeyri-qanuni səfər etməsi iki xalq arasındakı tarixi bağlara ziddir və qəbuledilməzdir.
Qeyd edək ki, hər iki təşkilatın Azərbaycan Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi ilə əməkdaşlıq sazişi var və bu qurumlıar müntəzəm olaraq Azərbaycan və Türkiyədə görüşlər keçirir, hər iki dövlətin haqq işini müdafiə edən mövqe bildirirlər.