““Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi”nin rəhbərlərindən biri milliyətcə ermənidir. O, uzun müddət Dağlıq Qarabağda azərbaycanlılara qarşı həyata keçirilən işgəncələrdə, terror hadisələrində iştirak edənlərlə birgə olub, onlarla dostluğu ilə öyunüb ”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Növruzov deyib.
S. Novruzovun sözlərinə görə, qurumun İdarə Heyətinin tərkibinə daxil olan Ermənistan Araşdırmaçı Jurnalistlər Təşkilatının rəhbəri Edik Baqdasaryan bu gün də eyni amalla fəaliyyətini davam etdirir.
S. Novruzov E. Baqdasaryanın Azərbaycanda istinad etdiyi mənbələri də ittiham edib: “Onun Azərbaycanda istinad etdiyi mənbələr dövlətçiliyimizin əleyhinə olan AXCP sədri Əli Kərimli, “Azadlıq” qəzeti, “Azadlıq” radiosu və digər bu kimi qurumlardır. Hansı ki bu mənbələr daima Azərbaycan əleyhinə yalan, böhtan, şantaj və digər bu kimi xarakterli məlumatlar yaymaqla məşğuldurlar”.
Deputat AXCP sədri Əli Kərimlini Edik Baqdasaryanla əməkdaşlıq etməkdə ittiham edib: “Bu bir daha da onu göstərir ki, Əli Kərimli və onun dəstəsi hakimiyyətdə olmaq üçün hətta şeytanla da əlbir olmağa hazırdır. Azərbaycanlılara qarşı terror həyata keçirmiş erməni ilə belə əlbir olub, fəaliyyət göstərmək artıq onların nə xislətə malik olmasından xəbər verir. Biz bunun dəfələrlə şahidi olmuşuq. Bildiyiniz kimi, vaxtilə Gürcüstanda Əli Kərimlinin adamlarının ermənilərlə danışqılara getməsi, onlardan pul alması və sair halların şahidi olmuşuq. İndi də təkrar olaraq göründü ki, Azərbaycanda seçkilər yaxınlaşdıqca, bu qruplar ermənilərlə əlbir olaraq dövlətə, ölkədə görülən uğurlu işlərə, isalahatlara, vətənə xidmət edən insanlara qarşı çıxışlar edirlər. Onlar ermənilərlə iş birliyinə hazırdırlar, təki Azərbaycan hakimiyyətində hansısa bir yeri tutsunlar”.
S. Novruzov AXCP-nin beynəlxalq aləmdəki müxtəlif erməni mənbələrindən maliyyələşdiyini bildirib: “Seçkiqabağı istəyirlər ki, o maliyyə bir az da artsın. Bunun üçün də bu cür saxta sorğular kimi yaramaz əməllərlə məşğul olurlar”.