Bu gün Milli Məclisdə “Mədəniyyət haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Lent.az-ın məlumatına görə, Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bundan öncəki müzakirələrdə İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın irəli sürdüyü təklif və qeydləri nəzərə alınıb.
Nizami Cəfərov vitse-spiker Valeh Ələsgərovun qanundakı terminlərin milliləşdirilməsi ilə bağlı təkliflərin maksimum nəzərə alındığını bildirib. O, Vergilər Nazirliyi və Maliyyə Nazirliyinin mütəxəssislərinin də qanun layihəsi üzərində ciddi çalışdıqlarını qeyd edib. Komitə sədri qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi də qanun layihəsi üzərində ciddi əziyyət çəkib: “Qanun layihəsi bir həftə əvvəl millət vəkillərinə təqdim olunmuşdu. Bu müddət ərzində də qanun üzərində işlər gedib, bir sıra texniki dəyişikliklər edilib”.
Nizami Cəfərov artıq qanun layihəsinin qəbul edilmək üçün hazır olduğunu vurğulayıb. Sənəd dövlətin mədəniyyət siyasətinin məqsəd və prinsiplərini, mədəniyyət fəaliyyəti subyektlərini hüquq və vəzifələrini mədəniyyət sahəsindəki hüquqi, təşkilati, iqtisadi və sosial təminatlarını müəyyən edir.
YAP icra katibinin müavini Siyavuş Novruzov elm və mədəniyyət sahəsindəki vəziyyətdən şikayətlənib: "Müstəqillikdən 20 il ötsə də hələ də bizim millətin mənşəyi barədə fikirlərini müəyyənləşdirə bilməyiblər. Biri deyir, farsdan yaranıb, biri türkdən yarandığını söyləyir. Bizim yaradıcı təşkilatlar 60-cı illərdə olduğu kimidir. Bəlkə də 30-cu illərə doğru gedir. Neçə ildir kinematoqrafiyaya vəsait ayrılır. Neçə ildir Dağlıq Qarabağla bağlı bir film çəkə bilmirlər. Sıxışdıran kimi səsləri Moskvadan gəlir. Biri bibisindən, biri atasından yazır. Düşünməlidirlər ki, dövlət bunlara pulu pensiya kimi vermir. Yaradıcı təşkilatlar dövləti maraqlandıran sahələrlə bağlı addımlar da atmalıdırlar. Bu formada nə ədəbiyyatı, nə incəsənətimizi inkişaf etdirə bilməyəcəyik. Yeni nəsil üçün də stimullaşdırıcı addımlar atılmalıdır».
Nizami Cəfərov isə qeyd edib ki, istənilən uğurlar ideal variantdır: “Heydər Əliyevin mədəniyyət sahəsində siyasəti var, bu siyasəti həyata keçirməklə məşğuluq. Digər tərəfdən, iqtisadi sahədə sıçrayışlar əldə etmək asandır, amma milli-mənəvi dəyələrlə bağlı bu, çətindir. Təbii ki, istərdik ki, yazıçılarımızın əsərləri bazarlara çıxsın, satılsın. Ancaq hələ ki, buna nail ola bilmirik”.