“Bir neçə hüquq müdafiə təşkilatını çıxmaq şərtilə, qalanları insan hüquqlarının müdafiəsi ilə məşğul deyillər. Onlar sacəcə olaraq bu adı alver predmetinə çeviriblər”. Lent.az-ın xəbərinə görə, bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müxalifət düşərgəsində yaradılan hüquq müdafiə komitələrinin fəaliyyətinə münasibət bildirərkən deyib.
YAP İcra katibinin müavini qeyd edib ki, bu gün “siyasi məhbus” anlayışını izah edə biləcək qurum yoxdur: “Siyasi məhbus” anlayışının özünü ortaya qoya biləcək hər hansı bir dövlət və ya qeyri-dövlət orqanı yoxdur ki, bunun xarakteristikasını versin, onu izah edə bilsin. İzah olunsun ki, bu nədir və nə deməkdir”.
Siyavuş Novruzov eyni zamanda vurğulayıb ki, “hüquq müdafiəçiləri” yalnız özlərinə sərf edənləri, o cümlədən cinayətkarları “siyasi məhbus” kimi tanıtmağa çalışırlar: “Bəzi siyasi partiyaların rəhbərləri siyasi fəaliyyətini bir kənara qoyub, təbii ki, müəyyən maraqlar xatirinə, məhkəmənin hökmü ilə həbs edilmiş cinayətkarları, separatçılıqla məşğul olanları, metro partlayışında iştirakı sübuta yetirilənləri, adam oğurluğunda günahkar bilinərək həbs olunanları “siyasi məhbus” adlandıraraq onların hüquqlarının “müdafiəçisinə” çevrilirlər”.
Siyavuş Novruzov daha sonra bildirib ki, həbs edilənə qədər vaxtilə dövlətdə müəyyən vəzifə tutan, müxalifəti ən sərt tonda tənqid edənlər belə, sonradan müxalifətyönlü “hüquq müdafiəçiləri" tərəfindən “siyasi məhbus” elan edilirlər: “Məsələn, görmüşük ki, cinayət əməllərinə görə həbs olunmuş bəzi məmurlar, baxmayaraq ki, həbs olunan günə qədər həmin partiyaların rəhbərlərini, funksionerlərini ən sərt şəkildə tənqid edirdilər, həbs olunduqdan sonra sözügedən partiya rəhbərləri onların hüquqlarını müdafiə komitələri yaradırdılar. Eyni zamanda müxalifət mətbuatı da həbs olunmuş nazirləri reklam edərək, gündəlik şəkildə müdafiə xarakterli yazılar dərc edirdilər. Təbii ki, bunun arxasında da maddi maraq məsələsinin dayanması şübhəsizdir”.