Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə İranda rəsmi səfərdədir. İdarədən Lent.az-a verilən məlumata görə, səfərdə məqsəd noyabrın 23-24-də İranın Qum şəhərində “Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” mövzusunda keçirilən Beynəlxalq konfransda iştirak etməkdir.
Dünyanın 83 ölkəsini təmsil edən tanınmış müsəlman din alimləri və nüfuzlu ictimai xadimlərin iştirakı ilə keçirilən tədbirin gündəmindəki mövzular dünyada baş verən münaqişə və savaşlara, radikallıq və ekstremizm tendensiyalarına, din adı ilə törədilən terror və cinayətlərə, həmçinin belə qlobal problemlərdən çıxış yollarına həsr edilib.
Şeyxülislam Allahşükür Paşazadə beynəlxalq konfransda məruzə ilə çıxış edib.
Müsəlman və qeyri-müsəlman dünyasının bəzi qüvvələr tərəfindən məqsədyönlü şəkildə qarşıdurma vəziyyətinə gətirildiyini söyləyən QMİ sədri bunları qeyd edib: “Müasir dünyamızda “Allahu əkbər!” nidası ilə müsəlmanların başı kəsilir, uşaq və yeniyetmələrə qoca və qadınlara rəhm olunmur. Bəşəriyyət böyük təhlükə qarşısındadır və ən qorxulusu da odur ki, İslamın həm xarici, həm də daxili düşmənləri birləşərək dünyanın gözündə islami dəyərləri nüfuzdan salmaq, mənəviyyatımızı əlimizdən almaq istəyirlər”.
Şeyxülislam çıxışının davamında qeyd edib ki, Biz Azərbaycanın ayrılmaz və əzəli hissəsi olan Qarabağ torpaqlarının işğalını, Xocalı soyqırımını, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan, ata-baba yurdlarımızın talan edilərək viran qalmasının, məscidlərimizin dağıdılmasının, tarixi abidələrimizin məhv edilməsinin şahidi olan bir xalq kimi İraqdakı qətliamlara, Suriyadakı qardaş qırğınlarına, İŞİD-in hər gün Yaxın Şərqdə törətdiyi rəzalətlərə, Qüdsdəki hərbi cinayətlərə və terror aktlarına laqeyd qala bilmirik. “Buna görə də biz ekstremizmlə, terrorla, ideoloji təxribatın mənbəyi olan təkfirçiliklə mübarizədə ən təsirli vasitələrdən birini islami həmrəylikdə və sülhsevər ictimaiyyətin vahid əməkdaşlığında görürük”.