İstər müstəqillik, istərsə də başqa dövrdə Gürcüstanla Azərbaycanın başına gələn bəlalar, o cümlədən Dağlıq Qarabağ məsələsi bizim gündəlik mövzumuzdur.
APA - nın Gürcüstan bürosunun məlumatına görə, bunu bu gün Tiflisdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşündə deyib.
"Biz II İlya ilə Qafqazı dostluğa və qardaşlığa səsləyən insanlarıq. Ən çətin anda, qan töküləndə də sülh yolunu axtarmışıq", - deyə o vurğulayıb.
Görüşdə A. Paşazadə G. Marqvelaşviliyə hədiyyə təqdim edib.
QMİ sədri səfər çərçivəsində həmçinin Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşüb. Görüş jurnalistlər üçün qapalı olub.
Bu gün A. Paşazadənin Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə də görüşəcəyi gözlənilir.
Səfər çərçivəsində keçirilən bütün görüşlərdə Milli Məclisin üzvləri və Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn iştirak ediblər.