Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev qalmaqalında adı hallanan mərhum Sevinc Babayevaya aid olduğu iddia edilən səs yazısı yayılıb. Lent.az-ın xəbərinə görə, “Yeni Müsavat” qəzetinin redaksiyasına daxil olan, təxminən 7 dəqiqəlik səs yazısında S.Babayeva E.Abdullayev barədə danışır.
Səs yazısının S.Babayevanın Türkiyədə yaşadığı dövrdə yazılması təxmin edilir. “Mən Babayeva Sevinc Telman qızı bu gün baş verən hadisələri olduğu kimi danışmaq istəyirəm. 2005-ci il, deputat seçkiləri idi...” – səs yazısı bu cümlə ilə başlasa da, sonra kəsilir. Çıxış yenidən davam edir. S.Babayeva E.Abdullayevi qardaşı Eldəniz Abdullayevin (Elşad Abdullayevin qardaşı Eldəniz Abdullayev nəzərdə tutulur-red) zəhərlənməsi barədə danışıqları yalan adlandırıb: “Elşad yazır ki, Eldənizi zəhərləyiblər. İnanın Allaha, ekspertiza var, orda işləyən camaat var. Bu səhər gedib, sağ-salamat çatmasın, çatıb işə, axşam da bu hadisə olub. Bilirsinizmi niyə? Ona görə ki, bu adam tərbiyəsiz, alçaq, vicdansız, qansız idi. Bütün gün bunun otağında gəlinlər, qızlar, balaca-balaca qızlar olurdu. Bu əxlaqsızlığının, qəddarlığının, vicdansızlığının, insanlardan pul yığmasının ucbatından hamının başına oyun açırdı. Elşad Abdullayev ondan bilirsiz necə qorxurdu? Özü bir dəfə mənə deyib ki, ”qardaşımın biri dilənçidir, biri sırtıqdır, biri dəlidir, biri də arvadbazdır - arvadbazı Mahir üçün deyirdi. Bunların arasında elə bir dənə mən yaxşıyam". Deyirdi ki, “bəyəm 5 barmağın beşi də birdir? Belə olur da”. Bax, Abdullayev Elşad belə adam idi. Deməli, bu, Eldəniz haqda yalandan internetdə deyir ki, guya Eldənizi kimsə zəhərləyib. Bu, bir yalan. Onu heç kim zəhərləməyib. Allahın bəlasına gəlib”
S.Babayeva E.Abdullayevin itkin düşmüş qardaşı Mahir Abdullayevin qətlinin sifarişçisinin sabiq ABU rektoru olduğunu da bildirib: “Bilirsiz, Elşad indi yalan danışır ki, mənim qardaşım KQB-nin işçisi, mayor, zabitdir. Mahir çox gəzəyən idi. 7 mühafizəçiylə gedib-gəlirdi. Onu necə oğurlaya bilərdilər, başına bu iş gələ bilərdi? Silahlı qoşunla gedib-gəlirdi e bu adam. Bu, yalnız Elşadın yanına tək, qoşunsuz gəlirdi. Deməli, Abdullayev Elşad özü qardaşının qətlini təşkil edib də. Yalan danışır axı bu. Bəhanə gətirir ki, guya Mətanət İsgəndərli... Mən, vallah, Mətanət İsgəndərlini tanımıram. Onun həyatında min dənə Mətanət İsgəndərli olub. Başa düşdüz?”
S.Babayeva çıxışında ABU-da baş vermiş qanunsuzluqlara da toxunub: “Deyir, Sabir Hüseynov dayımdır. Sabir Hüseynov rəhmətə getdi. Yazığın ürəyi partladı. Bilirsiz niyə? Oğlanları bunun yanında çalışırdılar. Biri Şamil, biri Kamil. Şamil bunun şoferi idi. Sabir Hüseynov da bunun yoldaşının dayısıdır. Həqiqətən dayısıdır. Kamil çox mədəni, ağıllı, tərbiyəli oğlan idi. Kamil bunun yanında köməkçi idi. Kamili Elşad özünün saxta diplomlarına görə özü öz əli ilə aparıb salmışdı Banditizm Terrorizmə (DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini nəzərdə tutur-red). Yalandan deyir ki, guya Kamili də oğurlamışdılar, gedib 14 gündən sonra tapıblar. Ona bəyəm nə demişdilər ki orda? Demişdilər ki, camaatın pulunu, attestatını qaytarın. Bu da bir yalan. Elşadın nəfəsi də yalandan gedib gəlir. Qoy o danışsın ki, buna görə neçə insan özünə qəsd edib, neçə insan evsiz-eşiksiz qalıb. Neçə adam boşanıb, neçə adam türməyə düşüb. Qadın-kişi - fərq eləməz”.