Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən birini təşkil edir. 90 illik çar əsarətindən sonra bütün müsəlman Şərqində ilk Demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə milli dövlət quruculuğumuz bərqərar edilmişdir. Cümhuriyyətinin yaradılmasında və ona rəhbərlik edilməsində M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, A.Səfikürdskinin, Ə.Topçubaşovun, X.Xasməmmədovun, C.Hacınskinin, S.Mehmandarovun və digər milli istiqlal təbliğatçılarımızın çox böyük rolu olmuşdur.
AXC-nin mövcudluğu ilə dövlətçilik tariximizdə ilk dəfə demokratik prinsiplər əsasında fəaliyyət göstərən müstəqil Azərbaycan dövlətinin, hökumətinin əsasını qoyuldu. 23 aylıq qısa fəaliyyət müddətinə baxmayaraq AXC çox geniş ölçülü fəaliyyət reallaşdırmış, iqtisadi-siyasi, sosial-mədəni islahatlara təkan vermişdir. AXC-nin yaranmasıyla Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Həmçinin ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi və s. Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. AXC-nin müstəqil Azərbaycan Respublikasına verdiyi böyük töhfələrdən biri və bəlkə də ən birincisi ondan ibarətdir ki, bütün Şərq, müsəlman aləmində ilk dəfə Azərbaycanda demokratik üsul-idarə prinsiplərinə əsaslanan dövlət, hökumət yaranmış, beləliklə də Azərbaycanda həm müstəqilliyin, həm də demokratik dövlət üsul-idarəsinin əsası qoyulmuşdur. 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan verməmişdir. Lakin AXC süqut etsə belə onun milli şüurumuza aşılamış olduğu müstəqillik ideyaları xalqın yaddaşından heç vaxt silinmədi. Xüsusən ümummilli lider Heydər Əliyevin SSRİ dövründə respublikamızda uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, müstəqillik arzularının güclənməsinə və yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.
Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Müstəqillik haqqında Konstitusiya Aktı” nda qeyd olunur ki, 1920-ci ildə itirilmiş müstəqilliyimiz bərpa olunur. Cümhuriyyətin siyasi varisi olmaqla Azərbaycan Respublikası onun bayrağını, gerbini, himnini qəbul etmiş, AXC-nin qısa müddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hər il ölkəmizdə Respublika Günü kimi qeyd olunur.
Bu gün Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisi kimi 1918-1920-ci illərdə əsası qoyulmuş demokratiya, demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir. Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamı, həmçinin 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi bu varisliyin əyani göstəricisidir. Bu addım milli dövlətçilik tariximizə olan böyük ehtiramın təcəssümüdür. Tarixi-siyasi, ictimai, mənəvi əhəmiyyət daşıyan bu addım bütövlükdə Cümhuriyyət dövrünün araşdırılmasında yeni bir səhifə açaraq xalqımızda, xüsusən gənc nəsil arasında müstəqil dövlətçilik və vətən sevgisi hisslərinin artırılmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin bu barədə fikirləri xalqımıza, onun tarixinə və bu gününə verilən ən gözəl dəyərdir: “Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”.
Nailə Məmmədova
“Azerbaijan Realities”