Bir neçə əsr əvvəldən başlayaraq dünyanın 5 qitəsində məskunlaşan həmvətənlərimizin yaşadıqları ərazilərdə siyasi, iqtisadi, sosial-mədəni fəaliyyəti bu gün onların azərbaycan diasporu kimi təşəkkül tapmasına təməl olmuşdur. Xüsusən, II Dünya müharibəsində əsir düşən və Sovet rejiminin kütləvi repressiyalarından sonra vətəni tərk etməyə məcbur qalan azərbaycanlılar hesabına xaricdə yaşayan həmvətənlərimizin sayı xeyli artmışdır. Bu proses bu gün xaricdə yaşayan soydaşlarımızın milli diaspor halında formalaşmasına və respublikamızın üzləşdiyi problemlərin həlli yollarının axtarışında onların dəstəyindən istifadə etməyə imkan vermişdir.
Qeyd edək ki, artıq dünyanın əksər ölkəsində Azərbaycan icma və birlikləri fəaliyyət göstərir və diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir. Xaricdə fəaliyyət göstərən çoxsaylı birliklər həmin ölkələrlə respublikamız arasında əməkdaşlığın genişləndirilməsində, Azərbaycanın hərtərəfli tanıdılmasında, eləcə də Azərbaycan həqiqətlərinin, xüsusən də, Ermənilər tərəfindən təcavüzə məruz qalması faktının yayılmasında mühüm rol oynayırlar. Həmçinin, bu gün bir sıra təşkilatlar ayrı-ayrı deyil, işbirliyi yaradaraq birgə fəaliyyətə başlamış və Azərbaycan federal birliklərinin əsasını qoymuşlar.
Məsələn, 2014-cü ilin noyabrın 7-də İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) idarə heyətinin toplantısında Azərbaycanın Türkiyədəki diasporunun fəaliyyəti, problemləri və bu problemlərin həlli yolları, eləcə də ermənilərin qondarma “soyqırımı” təbliğatına qarşı mübarizə məsələləri müzakirə edilib.
20 noyabrda İsveçdə fəaliyyət göstərən “Azərbaycan naminə” Cəmiyyətinin sədri Nadir Hollenbrand bu ölkənin parlamentinin Moderat Partiyasından deputatı Marqareta Siderfelt ilə görüşündə Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Azərbaycan şəhəri Xocalıda törətdiyi soyqırımı haqqında məlumat verib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qoşunların təmas xəttindəki son vəziyyət, bu günlərdə Azərbaycanın hava məkanında manevr edən Ermənistan silahlı qüvvələrinə aid helikopterin vurulmasına dair fikir mübadiləsi aparılıb.
Bu gün Azərbaycan diasporu öz fəaliyyətini gücləndirərək respublikamızın inkişafına, onun digər dövlətlərlə münasibətlərinin formalaşmasına təsir imkanlarını artırır.
Ləman Xəlilova
“Azerbaijan Realities”