Eldar Sabiroğlu: “Dünya ədalətli olsaydı, bu gün Serj Sərkisyanın yeri prezident kürsüsü deyil, başqa yer idi”
“Ermənistanın prezidenti Serj Sərkisyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında çıxışına erməni riyakarlığı deyirlər. İnsani dəyərlərdən, düşüncələrdən görün kim danışır».
Bunu APA-nın sualının cavabında S. Sərkisyanın KTMT-də çıxışında işlətdiyi “Erməni öldürmək Azərbaycanda cinayət hesab olunmur” ifadəsinə münasibət bildirən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Eldar Sabiroğlu bildirib.
Yüzlərlə günahsız insanın qanının S. Sərkisyanın üzərində olduğunu xatırladan E. Sabiroğlu bildirib Ki, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımların başında duran da məhz Ermənistanın indiki prezidentidir: “Vaxtı ilə Xocalıda törətdiyi vəhşiliyə görə müsahibə verərək bundan utanmadan qürur duyduğunu bildirib. Dünya ədalətli olsaydı, bu gün onun yeri prezident kürsüsü deyil, başqa yer idi. Mən İrəvanda böyümüşəm. Ora azərbaycanlıların qədim şəhəri idi. Ermənilər həmin şəhərə 19-cu əsrdə köçüblər. 1918-ci il Batum müqaviləsinə görə, ermənilərin havadarları azərbaycanlı şəhərini Ermənistan paytaxtı elan etməyə nail oldular. Lakin bununla onlar tarixi dəyişə bilməzlər. Orada bizə türk deyirdilər. Ermənilər körpələrinə ilk çağlardan öyrədirdilər ki, sənin düşmənin türkdür. Yəni azərbaycanlılardır. Onlar övladlarını bu tərbiyə ilə böyüdürdülər. Ona görə də bu millətdə bəşəri hisslərdən əlamət yoxdur. Onlar yalnız özlərini bəyənirlər. Nə qədər sərt desəm də, bu həqiqətdir. Özü bir nümunə gətirə bilərmi ki, azərbaycanlıların qanını tökən hansısa erməniyə cinayət işi açılıb, yaxud cəza verilib. Əksinə, qəhrəman kimi onların heykəlini ucaldıblar”.
Polkovnik E. Sabiroğlu bir faktla fikrini yekunlaşdırıb. O deyib ki, ermənilər Zəngibasar rayonunun Qaraqışlaq kəndinin Müşfiq adlı sakininin bədəninə 161 yanan siqaret kötüyünü basaraq qətlə yetirib, meyitini də təhqir ediblər: “Hətta dodaqlarına da siqaret basmışdılar. Onlarla, yüzlərlə belə faktı misal gətirmək olar. İndi durub insanlıqdan danışır. Onun buna mənəvi ixtiyarı yoxdur”.