Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İndoneziyanın fövqəladə və səlahiyyətli səfiri Raden Prayono Atiyantonu qəbul edib.
Komitədən Lent.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında humanitar sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub. Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanla İndoneziya Respublikası arasında bütün sahələr üzrə əlaqələr uğurla inkişaf edir.
Azərbaycanda olduğu iki il ərzində gördüyü işlərdən danışan səfir ölkəsinin Azərbaycan ilə dostluğu və əməkdaşlığı daha da genişləndirməyə maraqlı olduğunu bildirib. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən razılığını ifadə edən diplomat iqtisadi və humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.
Görüşün sonunda səfir M. Qurbanlını gələn ilin fevral-mart aylarında Cakartada keçirilməsi nəzərdə tutulan "İslam alimlərinin 4-cü Beynəlxalq Konfransı"na dəvət edib.