Dekabrın 24-də müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı bölgədə hərbi-siyasi vəziyyət və hərbi-texniki əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Səfər Əbiyev bildirib ki, problemin indiyə qədər həll edilməməyinin başlıca səbəblərindən biri, Rusiya Federasiyasının da həmsədr ölkə olduğu Minsk Qrupunun nəticəsiz fəaliyyəti ilə bağlıdır.
Azərbaycanın müdafiə naziri həmçinin qeyd edib ki, Dağlıq Qarabağda baş qaldıran separatizmin vaxtında qarşısının alınmamağı problemin yayılmasına şərait yaratdı və bu gün Rusiyanın özü həmin problemlərlə qarşılaşıb.
Görüş zamanı rusiyalı səfir müdafiə nazirinə ölkəsinin Azərbaycana təyin olunmuş yeni hərbi attaşesini təqdim edib.