Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının bir qrupu Abbas Abbasova etiraz müraciəti ünvanlayıblar.
Lent.az-a daxil olan müraciətdə qeyd edilib ki, “Azərros” Federal Milli-Mədəni Muxtariyyətinin saytlarında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və səfirin müavini Qüdsi Osmanovun ünvanına böhtan dolu yazılar dərc olunub.
Həmin yazıların “Yelena Tulayeva” imzası ilə yazıldığı qeyd olunan müraciətdə yazıların sifarişçisinin Abbas Abbasov və “Azərros”un keçmiş sədri Asif Məhərrəmov olduğu vurğulanıb. Buna səbəb kimi isə saytların hələ də A. Abbasovun nəzarətində qalması göstərilib.
Diaspor üzvləri səfir Polad Bülbüloğlunun Rusiyada təkcə səfir kimi deyil, həm də ictimai və mədəniyyət xadimi kimi nüfuza malik olduğunu, Rusiyada yaşayan xalqlar tərəfindən sevildiyini qeyd ediblər. Sənəddə həmçinin səfir müavini Qüdsi Osmanovun hər zaman azərbaycanlıların bir-birilə sıx münasibət saxlamaları üçün çalışdığı, diplomat kimi xidmət göstərdiyi vurğulanıb: “Abbas Abbasov isə digər əlaltıları ilə birlikdə Rusiya Federasiyasının ictimai təşkilatı olan FMMM AzərRosu özəlləşdirməyə çalışırdı”.
Müraciətdə qeyd olunub ki, təşkilatın fəalları və qurucuları buna mane olduqları üçün Abbasov indi kənarda “səbəbkar” axtarır: “O, Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətindən öz çirkin əməllərini həyata keçirmək üçün əl çəkmir. Artıq bunu Moskvada və bütün Rusiyada yaşayan hər bir azərbaycanlı bilir və onların hərəkətlərini pisləyir”.
Müraciətdə qeyd olunub ki, Rusiyada yaşayan azərbaycanlılar iki ölkə arasında münasibətlərin inkişafında həmişə maraqlı olublar və buna dəstək verməyə çalışıblar: “Abbas Abbasovun isə Rusiyadakı Azərbaycan diasporuna gəlməsi diasporun dağılmasına və parçalanmasına səbəb oldu”.
Müraciətdə Azərbaycan diplomatlarının “Azərros”a məxsus saytlarda hədəf alınması pislənilib və bu kampaniyanın dayandırılması tələb edilib.
Qeyd edək ki, Bu il yanvarın 17-də “Azərros” özünün növbədənkənar qurultayını keçirib. Qurultayda Asif Məhərrəmovun qurumun prezidentliyindən istefası barədə ərizəsi təsdiqlənib, həmçinin Abbas Abbasovun sədri olduğu Ağsaqqallar Şurası ləğv edilib. Lakin “Azərros”a məxsus saytlar hələ də Abbas Abbasovun nəzarətindədir.