“Dağlıq Qarabağ kommunistləri o səhnəyə müstəqil partiya kimi dəvət oluna bilməzlər...”
“SSRİ-nin yaranmasının 90 illiyi ilə bağlı dekabrın 22-də Moskvada Sütunlu zalda keçirilən tədbirə Dağlıq Qarabağ kommunistləri dəvət olunmayıb”.
Bunu Lent.az-a açıqlamasında Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov söyləyib.
Qeyd edək ki, dekabrın 22-də Moskvada Sütunlu zalda keçmiş SSRİ ölkələrinin kommunist partiyalarının təmsilçilərinin iştirakı ilə SSRİ-nin yaradılmasının 90 illiyi qeyd olunub. Rusiya mətbuatı tədbirə SSRİ-nin tərkibinə daxil olmuş 15 ölkənin kommunist partiyalarının, o cümlədən Dnestryanı, Abxaziya və Dağlıq Qarabağın kommunist partiyalarının liderlərinin qatıldığını, Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanovun çağırışı ilə qardaş partiya liderlərinin səhnəyə çıxaraq əl-ələ tutduqlarını yazıb.
Rauf Qurbanov isə deyib ki, bu, yanlış məlumatdır. Onun sözlərinə görə, həqiqətən Dnestryanı və Abxaziya kommunist partiyaları tədbirə dəvət olunub və iştirak ediblər: “Bir məqama aydınlıq gətirmək istəyirəm. Tədbirə dəvət edilən kommunist partiyaları Kommunist Partiyaları İttifaqı – Sovet İttifaqı Kommunist Partiyasının (SovİKP) üzvüdürlər. 15 respublikanın kommunist partiyaları, o cümlədən Dnestryanı və Abxaziya kommunist partiyaları bu qurumun üzvləridir. SovİKP-nin İcraiyyə Komitəsinin 15 üzvü var, mən də onlardan biriyəm. Gennadi Züqanov qurumun rəhbəridir.
Dağlıq Qarabağ kommunistləri bir neçə dəfə bu quruma üzv olmaq istəyiblər. Ancaq mən buna qarşı çıxmışam, Gennadi Züqanov da mövqeyimizi dəstəkləyib. Çünki bu, Leninin 1923-cü il prinsiplərinə ziddir, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Ona görə də Dağlıq Qarabağ kommunistlərinin həmin tədbirə dəvət olunmaları tamamilə səhv məlumatdır”.
Tədbirə dəvət olunsa da, səhhəti ilə əlaqədar Moskvaya getmədiyini, Azərbaycan Kommunist Partiyasını tədbirdə partiyanın daimi nümayəndəsi Loğman Kişiyevin təmsil etdiyini söyləyən Rauf Qurbanov qeyd edib ki, Dağlıq Qarabağ kommunistləri Moskvaya gedə bilərlər: “Ancaq onlar müstəqil partiya kimi səhnəyə dəvət oluna bilməzlər. Digər tərəfdən, SSRİ-nin yaranmasının 90 illiyi ilə bağlı tədbirdə medallar verilib, Dağlıq Qarabağ kommunistlərinə medal da verilə bilməz. Rusiya Kommunist Partiyasının rəsmi saytında da partiya liderləri səhnəyə çıxan zaman çəkilmiş fotoşəkillər var. Həmin fotoşəkillərə də baxıb görmək olar ki, Dağlıq Qarabağ kommunistləri orada yoxdur. Sadəcə, Rusiyanın bəzi KIV-i yanlış məlumat yayıblar”.