Türkiyənin Jandarm Qüvvələrinin Baş Komandanı, ordu generalı Abdullah Atayın başçılıq etdiyi nümayəndə heyətinin noyabrın 11-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə ölkəmizə rəsmi səfəri başlayıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu gün Abdullah Atay və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər çiçəklər düzülüb.
Daha sonra qonaqlar Şəhidlər Xiyabanında şəhidlərin xatirəsinə ucaldılmış “Əbədi məşəl” kompleksini, o cümlədən Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının Qardaşlıq məzarını, həmçinin Türk əsgərlərinin məzarlarını ziyarət ediblər.
Həmin gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov ordu generalı Abdullah Atayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dövlət rəhbərlərinin siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayan R.Usubov rəhbərlik etdiyi qurumun qardaş Türkiyənin Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Komandanlığı ilə münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verdiyini bildirib.
Azərbaycana ilk dəfə səfər etdiyini nəzərə çatdıran ordu generalı Abdullah Atay iki ölkənin müvafiq qurumları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını, onun ordusunun, Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəyini, əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın mənafelərinə xidmət edəcəyini vurğulayıb.