Bir müddət əvvəl Nizamnaməyə və partiyanın siyasətinə zidd davranışlarda günahlandırılaraq Müsavat Partiyasından xaric edilən Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Muradın partiya üzvlüyünə bərpa edilməsi haqqında qərar ləğv olunub.
Qubadlı rayon təşkilatının sədri Nazim Əliyev APA-ya açıqlamasında deyib ki, buna səbəb M. Muradın yenidən sosial şəbəkədə partiya yoldaşları barədə aşağılayıcı fikirlər işlətməsi olub: “Bizim humanist qərarımız dəyərləndirilmədi və Şura üzvlərimizə qarşı Məhəbbət Murad tərəfindən aşağılayıcı fikirlər işlədilib. O, Müsavatın ləyaqətçilik prinsipindən uzaq hərəkətlər edib. Bizim haqqımızda normal insanın təxəyyülünə yaraşmayan ifadələr işlədib. Buna görə də dünən təşkilat Şurasının növbədənkənar toplantısı keçirildi və Şura üzvləri yekdilliklə bu barədə təklifin bir daha gündəliyə gəlməməsini tələb etdilər”.
Xatırladaq ki, oktyabrın 22-də M. Muradın iştirakı olmadan onun partiyadan çıxarılması haqqında qərar qəbul olunub. O, başqanlığa sabiq namizəd Qubad İbadoğlunun fəal tərəfdarıdır və indiki başqan Arif Hacılıya qarşı sərt tənqidi mövqe tutur.