Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd Qubad İbadoğlu deyib.
O, Müsavatda Məclis sədri və digər vəzifələrlə bağlı səsləndirilən təkliflərə münasibət bildirərkən qeyd edib ki, yaxın zamanlarda heç bir seçkili orqanda vəzifə tutmaq niyyətində deyil: “Mən Müsavat Partiyasına mənafe üçün deyil, məfkurə uğrunda mübarizə üçün gəlmişəm. Odur ki, istənilən təklifin müzakirəsini məqbul hesab etsəm də, yaxın gələcəkdə partiyada heç bir seçkili və ya təyinatlı vəzifə tutmaq niyyətində deyiləm. İndiki idarəçilik üsullarını və status-kvonun saxlanmasını səhv hesab etdiyimdən, onun dəyişdirilməsinə, partiyanın Nizamnamə normaları əsasında verilən dürüst və ədalətli idarə olunmasına çalışıram. Hazırda mənim üçün ən vacib məsələ son müşavirədə təqdim etdiyim Barışıq Naminə Təkliflər və oktyabrın 6-da partiya rəhbərliyinə verdiyim Müsavat Partiyasının işinin yenidən qurulmasına və gücləndirilməsinə dair Tövsiyələr Paketlərinin reallaşdırılmasıdır. Qarşı tərəfdən bu istiqamətlərdə müzakirələr gözləyirəm”.
Q. İbadoğlu hər hansı partiya yaratmaq və ya başqa partiyaya getmək kimi bir istəyinin olmadığını da vurğulayıb. O, Müsavat rəhbərliyini hədə dolu çıxışlardan çəkinməyə çağırıb: “Mənim siyasi fəaliyyətim yalnız Müsavat Partiyası ilə bağlı olub və bundan sonrakı dövrdə partiyanı tərk etmək üçün ciddi əsaslar görmürəm. Odur ki, başqa partiyada fəaliyyətimi davam etdirmək niyyətində deyiləm. Tərəfdarlarıma bir daha müraciət edərək onların partiyada qalıb yoluna davam etməyə, partiya rəhbərliyini də hikkə və hədə ilə dolu çıxışlara son qoymağa, birlik və həmrəylik nümayiş etdirməyə çağırıram. Eyni zamanda bəyan edirəm ki, idarəetmə səviyyəsindən asılı olmayaraq, Müsavat yeniləşməzsə, bu hakimiyyət də dəyişməyəcək. Odur ki, Müsavat Partiyasının sivil, şəffaf və demokratik partiyaya çevrilməsi üçün töhfələrimi əsirgəməyəcəyəm. Bu transformasiya dövründə əsas diqqətimi partiyadaxili demokratiyanın inkişafına yönəldəcək, Müsavatın yeniləşməsi üçün çalışacağam”.