<b>Azərbaycandakı dini liderlər Xocalı soyqırımının tanınması üçün müraciət etdi </b>
21 fevral 2017 11:55 (UTC +04:00)

Azərbaycandakı dini liderlər Xocalı soyqırımının tanınması üçün müraciət etdi

Azərbaycandakı dini liderlər tərəfindən Xocalıda törədilən cinayətin soyqırım aktı kimi tanınması üçün dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edilib.

 

QİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müraciət Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Azərbaycandakı Alban-udin xristian icmasının sədri Robert Mobili tərəfindən imzalanıb.

 

Müraciətdə Xocalı soyqırımı haqqında geniş məlumat verilib.

 

Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları öz havadarlarının köməyi ilə Xocalı şəhərinə qəfil silahlı basqın  etmiş və oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın törədib. Erməni silahlı quldurlarının təcavüz etdiyi həmin gecə qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib. Xocalı şəhəri yerlə yeksan edilib, əhalinin 150 nəfəri itkin düşüb, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalıb, vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edilib.

 

Mahiyyəti etibarilə, Xocalı faciəsi – Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eynidir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan xalqı öz doğma torpaqlarında etnik təmizləmə, maddi və mənəvi terrora məruz qalıb, erməni ekstremistləri Azərbaycanın 20 faizini işğal edib, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salıb, zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələri məhv ediblər.

 

Müraciətdə qeyd edilir ki, Xocalıda məqsədyönlü soyqırımı aktı isə erməni vəhşiliklərinin kulminasiya nöqtəsidir.

İyirmi beş il müddət keçməsinə baxmayaraq, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almamış, Birləşmiş Millətlər Təşkilatınin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələbləri bu günədək yerinə yetirilməyib. Azərbaycanın beynəlxalq ictimaiyyətə mütəmadi müraciətlərinə obyektiv yanaşan dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanısa da, təəssüf ki, bu dəhşətli cinayətə etinasız yanaşanlar da mövcuddur.

Bu gün dünyada baş verən zorakılıq halları, terrorizm və ekstremizm kimi cinayətlərin təməlində bəzi dövlətlərin, təşkilatların və dini liderlərin problemlərə münasibətindəki ikili standartlar, rasizm, antisemitizm, ksenofobiya, islamofobiya kimi təhlükəli meyllər dayanır. Bu yanaşma səbəbindən törədilən qətliamlar, o cümlədən, Xocalı faciəsi layiqli qiymətini almadıqca, yeni-yeni bəşəri cinayətlərə, hümanitar fəlakətlərə yol açılır, dünyanın müxtəlif bölgələrində soyqırımların təkrarlanmasına, terror, ekstremizm, separatçılıq üçün zəmin yaranır.

Azərbaycanın üzləşdiyi bu təcavüz və onun nəticəsində bir milyonluq qaçqın və məcburi köçkün probleminə biganə münasibət bəslənməsinin, soydaşlarımızın erməni ekstremistləri tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmasının hesabının sorulmaması nəticəsində erməni tərəfi təxribatlarından nəinki əl çəkmir, öz dədə-baba yurdlarında uyuyan qohumlarının qəbrini ziyarət edən vətəndaşlarımızı əsir, girov götürərək onlara qarşı olmazın işgəncələr tətbiq edir, meyidlərin qaytarılması məsələsində belə beynəlxalq konvensiyalara əməl etməkdən boyun qaçırır.

 

Müraciəti ünvanlayanlar , Xocalıda törədilən cinayəti soyqırım aktı kimi tanınmasını istəyir: “Azərbaycanda yaşayan müxtəlif konfessiyalardan olan din xadimləri Azərbaycanın ərazi bütövlüyünün Ali Baş Komandanımızın rəhbərliyi ilə bərpası  yönündə səylərin uğurla nəticələnməsinə inanır və onun üçün dualar edir, Vətənimizin ayrılmaz hissəsi olan Qarabağda torpaqlarımızın azad olması uğrunda həlak olmuş bütün şəhidlərin, o cümlədən, Xocalı şəhidlərinin əziz xatirəsini daima uca tuturuq. Bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyən hər birimizin Rəbbimiz qarşısında, bəşəriyyət qarşısında vicdan naminə müqəddəs borcumuz ədalətin bərqərarına nail olmaqdır. Dünyanın dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə bir daha müraciət edərək, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti soyqırım aktı kimi tanımağa çağırırıq". 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 179
avatar

Oxşar yazılar