Naxçıvan Şəhər Polis İdarəsi İlqar Nəsibovun döyülməsi ilə bağlı təhqiqata başlayıb. Bu haqda Azadlıq Radiosuna onun həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova məlumat verib. Onun sözlərinə görə, xəstəxanada müalicə olunan İlqar Nəsibovun izahatı alınıb, onun döyüldüyü ofisdə ekspertiza aparılır: "İlqarın xəsarətləri ilə bağlı da tibbi ekspertiza aparılır".
M. Nəsibovanın dediyinə görə, həyat yoldaşı onu vuranlardan birini tanıyıb: " Adı Fəriddir. Əvvəldən tanıdığı şəxsdir. Həmin şəxs həmişə özünü müxalifətçi kimi göstərib".
M. Nəsibovanın sözlərinə görə, həhyat yoldaşını evdən də axşam radələrində həmin Fərid çağırıb, mərkəzin ofisinə gəlməyini istəyib. Onun sözlərinə görə, Fərid bir neçə nəfərlə İlqar Nəsibovu ofisdə döyüblər.
Naxçıvan Şəhər Polis İdarəsi İstintaq və Təhqiqat bölməsinin rəisi Nemət Cəfərov təhqiqata başladıqlarını təsdiqləsə də, geniş məlumat vermək istəməyib.
***
11:46
Avqustun 22-də axşamdan xeyli keçmiş bir qrup naməlum şəxs Naxçıvanda QHT və Demokratiyanın İnkişaf Mərkəzinə hücum edib.
Onlar mərkəzin əməkdaşı İlqar Nəsibovu döyüblər. Bu barədə "Turan"a Mərkəzin direktoru, İ.Nəsibovun həyat yoldaşı Məlahət Nəsibova bildirib.
Həyat yoldaşının bildirdiyinə görə, o, resurs mərkəzinə çağırdığı polisin köməyi ilə İ. Nəsibovu xəstəxanaya aparıb.
M. Nəsibova hadisə barədə yerli hüquq-mühafizə orqanlarına məlumat verdiyini bildirib.