Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin 2014-cü ilin dördüncü rübünün və ilin yekunları ilə bağlı toplantısı keçirilib. Şuradan Lent.az-a verilən məlumata görə, toplantını Şura sədri, millət vəkili Azay Quliyev açaraq hər rübün sonunda Katibliyin fəaliyyətinin təhlil edilərək qiymətləndirildiyini bildirib. A. Quliyev 2014-cü ilin rəhbərlik etdiyi qurumun fəaliyyətində uğurlu il olduğunu, Şuranın ölkə daxilində və xaricdə Azərbaycanın milli maraqlarının müdafiəsinə həsr olunan çoxsaylı uğurlu layihələr həyata keçirdiyini bildirib.
Bu il ərzində vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində boşluqların aradan qaldırılması, effektivliyin artırılması, şəffaflığın təmin olunması istiqamətində qanunvericiliyə edilən dəyişikliklərin Şuranın da üzərinə mühüm vəzifələr qoyduğunu bildirib. A. Quliyev Şuranın büdcəsinin və səlahiyyətlərinin artırılması ilə bağlı cənab prezident İlham Əliyevin il ərzində bir neçə sərəncam imzalamasını QHT sektoruna böyük diqqət və etimad nümunəsi adlandırıb.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2014-cü ildə Şuranın, üzərinə düşən vəzifələri uğurla həyata keçirdiyini qeyd edib.
Şura Katibliyinin hüquqşünası Fərid Rüstəmov 2014-cü il ərzində milli QHT-lərin 386 layihəsinin maliyələşdirildiyini deyərək və onların icra vəziyyəti haqqında məruzə edib.
Şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbud, Katibliyin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mustafa Qurbanlı, “Vətəndaş cəmiyyəti” jurnalının baş redaktoru Səfər Alışarlı, qhtxeber saytının baş redaktoru Sənan Nəcəfov, Katibliyin məsləhətçisi Cəmilə Əliyeva çıxış edərək aid olduqları sahənin fəaliyyəti haqqında hesabatla çıxış ediblər.
Toplantının sonunda Şura Katibliyinin əməkdaşları Gülnarə Cəfərova, Həsən Səmədov, Elnur Bağırlı, Mustafa Qurbanlı, Tural Hüseynli, Emin Məmmədov, Xanım Cəbrayılova, Şahin Məhərrəmov, Nigar Ağakişiyeva, Cəmilə Əliyeva, və Amid Mirzəyev xidmətdə fərqləndiklərinə görə fəxri fərmanla təltif ediliblər.