Qənirə Paşayeva türkmənlərin lideri ilə görüşüb
09 noyabr 2014 15:33 (UTC +04:00)

Qənirə Paşayeva türkmənlərin lideri ilə görüşüb

Qənirə Paşayeva İraq Türkmən Cəbhəsinin lideri, millət vəkili Ərşad Salihi və İraq türkmənlərini təmsil edən təşkilatların rəhbərləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva İraq Türkmən Cəbhəsinin lideri, millət vəkili Ərşad Salihi və İraq türkmənlərini təmsil edən təşkilatların rəhbərləri ilə görüş zamanı İraqdakı vəziyyət, bu ölkədə yaşayan türkmənlərin vəziyyəti, Azərbaycanla İraq arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə fikir mübadiləsi aparılıb. Azərbaycanı “qardaş ölkə” adlandıran Ərşad Salihi İraqda türkmənlərin üzləşdiyi ciddi problemlər, vəziyyətin daha da pisləşməsi,çoxlu sayda türkmən soydaşlarımızın öz evindən köçkün düşməsi, öz həyatını itirməsi, beynəlxalq təşkilatların və ictimaiyyətin İraq türkmənlərinin vəziyyətinə biganə münasibəti, İraq Türkmən təşkilatlarının soydaşlarımızı və onların haqlarını  qorumaq istiqamətində gördüyü işlər, planlar barədə fikirlərini bölüşüb və bütün Türk dövlət və toplumlarından, diaspor təşkilatlarından daha çox dəstək gözlədiklərini bildirib.  O, Azərbaycanla İraq arasında parlamentlərarası, hökumətlərarası münasibətlərin inkişafı ilə yanaşı, Azərbaycan türkləri ilə İraq türkləri arasında əməkdaşlığın artmasının vacibliyini də vurğulayıb. Millət vəkili Azərbaycan xalqının İraqda yaşayan bacı-qardaşlarımızı hər zaman düşündüyünü və İraqdakı qardaş-bacılarımızla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. İraqda yaşayan türkmənlərin son on illər ərzində ədalətsizliklər, ağır problemlərlə üzləşdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva qeyd edib ki, “…İraq, özəlliklə, İraqlı soydşalarımız, bizim “İraqlı azərbaycanlılar” dediyimiz türkmənlar vəsiləsi ilə Azərbaycana doğma ölkələrdəndir və orada yaşananlar hər zaman Azərbaycan tərəfindən daim diqqətlə izlənir. Özəlliklə, son günlər İŞİD tərəfindən İraqda həyata keçirilən insanlıq dramı və İraqda türkmənlərin vəziyyətinin daha da gərginləşməsi bizi də dərindən narahat edir. Bu hadisələr zamanı qətlə yetirilmiş türkmən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Bu kimi halların təkrarlanmamasını istəyirik. Öz evindən köçkün düşmüş minlərlə insanımız, onların ağır vəziyyəti da hamımız ciddi narahat edir.” İraq türkmənlərinin vəziyyəti ilə bağlı Avropa Şurası Parlament Asambleyasında çıxış edərək, çağırış səsləndirdiyini deyən millət vəkili Qənirə Paşayeva beynəlxalq təşkilatları, BMT, ATƏT-i və beynəlxalq ictimaiyyətin İraq türkmənlərinin vəziyyətinə və baş verənlərə biganə, laqeyd münasibətini kəskin qınayıb. Millət vəkili Qənirə Paşayeva bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı bu məsələdə daha da fəal rol oynayaraq İraq türkmənlərinə ciddi dəstək istiqamətində addımları artırmalıdır. Türk Dünyasının İraq türkmənlərinə daha çox diqqət göstərməsinin vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva diaspor təşkilatlarımızın da İraq türkmənlərinin səsini beynəlxalq ictimaiyyətə daha geniş duyurulması istiqamətində fəallığını artırmalarının vacibliyini xüsusi vurğulayıb. İraq türkmənlərinin hər zaman qardaş azərbaycanlıların dəstəyini hiss etdiklərini deyən İraq Türkmən Cəbhəsinin lideri, millət vəkili Ərşad Salihi və İraq türkmənlərini təmsil edən təşkilatların rəhbərləri  İraqda yaşanan son hadisələr barədə daha geniş məlumat verərək İraq türkmənlərinin Türk dünyasının dəstəyinə böyük ehtiyac duyduğunu deyiblər. Onlar bildiriblər ki, həm İraq türkmənlərinin səsinin beynəlxalq təşkilat və qurumlara çatdırılmasında, onların pozulan haqlarının müdafiə olunmasında, həm də ağır vəziyyətə düşmüş, köçkün həyatı yaşamağa məcbur olan türkmən ailələrə kömək baxımından da ciddi dəstəyə ehtiyac var. Görüşün sonunda millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri Qənirə Paşayeva İraq Türkmən Cəbhəsinin lideri, millət vəkili Ərşad Salihi və İraq türkmənlərini təmsil edən təşkilatların rəhbərlərinə Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ, Xocalı həqiqətlərinə dair kitab, film və materialları təqdim edib və Qarabağ problemi ilə bağlı son durum və Azərbaycanın bu problemin həlli istiqamətində Türk dünyasından dəstək gözləntiləri, Xocalı Soyqırımının tanınması məsələsinin İraq Parlamentinin müzakirəsinə çıxarılmasının vacibliyi və bu istiqamətdə türkmən millət vəkillərinin ciddi dəstək və səylərinə böyük ehtiyac olduğu  barədə də danışıb və fikir mübadiləsi aparılıb. Rəhbəri olduğu “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin həyata keçirdiyi tədbirlər barədə danışan millət vəkili Qənirə Paşayeva qardaş xalqları, ölkələri bir-birinə daha da yaxınlaşdıran, qardaşları isə bir-birinə daha doğma edən layihələri gələcəkdə də həyata keçirməyi nəzərdə tutduqlarını və bu istiqamətdə İraq Türkmən Cəbhəsinin və İraq türkmənlərini təmsil edən təşkilatlarla  əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını deyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 982
avatar

Oxşar yazılar