Millət vəkili Q.Paşayeva Türkiyədə "Ailə, Toplum və Dövlət" simpoziumunda geniş məruzə ilə çıxış edib və Türk dövlətlərində məktəblərdən başlayaraq uşaqlara ortaq tariximizi öyrətməliyik deyib.Millət vəkili Q.Paşayeva Türkiyədə Vuslat Platformunun təşkilatçılığı, Üsküdar bələdiyyəsinin dəstəyi ilə keçirilən tanınmış dövlət adamları, elm xadimlərinin qatıldığı və 3 gün davam edən simpoziumda geniş məruzə ilə çıxış edib. Lent.az xəbər verir ki, ortaq tariximizi, mədəniyyətimizi uşaqlarımıza çox kiçik yaşlardan öyrətməliyik deyən millət vəkili bildirib ki, bütün Türk dövlət və toplumlarında orta məktəblərdən başlayaraq universitetlərdə ortaq Türk tarixinin oxudulmasına böyük ehtiyac var.
Q.Paşayeva Türk dünyası siyasətçilərinə, aydınlarına, alimlərinə, QHT və KİV-lərinə səslənərək topluma örnək olaraq bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib: "Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənimizdir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar."
Tədbir çərçivəsində Q.Paşayeva bir sıra QHT və KİV rəhbərləri, aydınlarla da görüşüb, geniş fikir mübadiləsi aparılıb və jurnalistlərin suallarını cavablandırıb.