Rusiya Federasiyası Tatarıstan Muxtar Respublikasında səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Tatarıstan Dövlət Şurasının sədr müavini Ratnikova Rimma Atlasovna ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Q. Paşayeva Azərbaycan və Tatarıstan Muxtar Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlığın, əlaqələrin genişlənməsi üçün böyük potensial olduğunu və getdikcə münasibətlərin daha da inkişaf edəcəyinə inandığını deyib.
R. R. Atlasovna Tatarıstan barədə geniş məlumatlar verərək qardaş Azərbaycanla münasibətlərin daha da inkişafında çox maraqlı olduqlarını bildirib və azərbaycanlı iş adamlarının fəaliyyəti, tələbələrin təhsil alması üçün Tatarıstanda hər cür imkanlar olduğunu deyərək onları hər zaman gözlədiklərini deyib.
Millət vəkili sədr müavininə Azərbaycanla bağlı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlar verib: “Tatar türklərinin hər zaman azərbaycanlı qardaşlarının yanında olmasını azərbaycanlılar məmnuniyyətlə qarşılayır. Tatarıstanda çoxlu sayda azərbaycanlının yaşayır və geniş Azərbaycan diasporasının var. Onlar Tatarıstanı özlərinə ikinci vətən kimi görürlər”.
Görüşün sonunda Q. Paşayeva Dövlət Şurasının sədr müavininə Azərbaycan həqiqətləri, Qarabağ problemi, Xocalı Soyqırımını özündə əks etdirən kitablar, materiallar hədiyyə edib. O, həmçinin həmmüəllifi olduğu və Türkiyə türkcəsində nəşr olunmuş “Hocalı Soykırımı tanıkların dilindən” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edərək bu istiqamətdə geniş məlumatlar verib. R. R. Atlasovna Q. Paşayevaya Tatarıstanla bağlı müxtəlif materialları və kitabları hədiyyə edib.
Görüşdə Atatürk Mərkəzinin şöbə müdiri şair - yazar Əkbər Qoşalı və Tatarıstan Dövlət Şurasının üzvü, Tatarıstanın xalq şairi Razil Vəliev də iştirak ediblər.