Millət vəkili Qənirə Paşayeva Suriya Türkmən Məclisi başqanı Abdurrahman Mustafa, Suriya Türkmən Məclisi və Suriya Türkmən Milli Hərəkat Partiyasının başqan köməkçisi Tarık Sulo Cevizci ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə A.Mustafa və T.S.Cevizci türkmənlərin üzləşdiyi ciddi problemlər, vəziyyətin daha da pisləşməsi, çoxlu sayda türkmən soydaşlarımızın öz evindən köçkün düşməsi, öz həyatını itirməsi, beynəlxalq təşkilatların və ictimaiyyətin Suriya türkmənlərinin vəziyyətinə biganə münasibəti, bütün Türk dövlət və toplumlarından, diaspor təşkilatlarından daha çox dəstək gözləmələrindən danışıb.
Millət vəkili Suriyada yaşayan türkmənlərin üzləşdiyi faciələr və onların ağır vəziyyətinin hamımızı ciddi narahat etdiyini deyib. Suriya türkmənlərinin vəziyyəti ilə bağlı Avropa Şurası Parlament Assambleyasında çıxış edərək, çağırış səsləndirdiyini deyən Q. Paşayeva beynəlxalq təşkilatları, BMT, ATƏT-i və beynəlxalq ictimaiyyətin Suriya türkmənlərinin vəziyyətinə və baş verənlərə biganə, laqeyd münasibətini kəskin qınayıb. O, bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı bu məsələdə daha da fəal rol oynayaraq Suriya türkmənlərinə ciddi dəstək istiqamətində addımları artırmalıdır.
Görüşün sonunda millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri Q. Paşayeva A. Mustafa və T. S. Cevizciyə Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ, Xocalı həqiqətlərinə dair kitab, film və materialları təqdim edib və Qarabağ problemi ilə bağlı son durum barədə də danışıb.