Millət vəkili Qənirə Paşayeva Giresun Universitetinin rektoru Aygün Attarla və bu universitetdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Lent.az-ın məlumatına görə, görüş Qara Dəniz Strateji Araşdırma və Uyqulama Mərkəzi (KARASAM) tərəfindən təşkil edilən və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin siyasətçilərinin, alimlərinin, universitet rəsmilərinin, qeyri-hökumət təmsilçilərinin qatıldığı 5-ci Qara Dəniz Beynəlxalq Simpozium çərçivəsində baş tutub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığın getdikcə daha da genişləndiyini bildirən millət vəkili bunun gələcəyimiz üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Millət vəkili Aygün Attarın əməyinin hər kəs tərəfindən yüksən qiymətləndirdiyini Giresun Universitetinə rektor təyin edilməsinə sevindiklərini deyib. O, Aygün Attarın rektor təyin edilməsindən sonra Giresun Universitetinin sürətlə inkişaf etməsi barədə xəbərləri böyük məmuniyyətlə izlədiklərini də deyib.
Aygün Attar da Azərbaycanın ali təhsil müəssisələri ilə artıq geniş əməkdaşlığa başladıqlarını və bu əməkdaşlığın sürətlə davam edəcəyini bildirib. O, rəhbərlik etdiyi Giresun Universiteti ilə Azərbaycanın ali məktəbləri arasında əlaqələrin daha da gücləndirilməsi üçün ciddi işlərin görüldüyünü və Giresun universitetində azərbaycanlı tələbələrin yaxşı təhsil ala bilməsi üçün hər cür imkanlar yaradıldığını deyib.
Qənirə Paşayeva universitetə ziyarəti çərçivəsində burada təhsil alan azərbaycanlı tələblərlə də görüşüb, onların yaxşı təhsil alaraq yüksək səviyyəli peşəkarlar kimi ölkəmiz üçün gözəl fəaliyyət göstərəcəklərinə inandığını bildirib.
Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Giresun Universitetinin rektoru Aygün Attara Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar, kitablar hədiyyə edib.