Millət vəkili Qənirə Paşayeva Böyük Britaniya Parlamentinin üzvü Lord Northbookla görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında həm hökumətlərarası, həm də qanunvericilik orqanları arasında əməkdaşlığın daha da inkişaf etdiyini deyən millət vəkili bu əməkdaşlığın hər iki dövlətin təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində də getdikcə daha da inkişaf etdiyini bildirib.
Millət vəkili eyni zamanda Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma evlərindən qovulan 1 milyon azərbaycanlının məcburi köçkün həyatı yaşamağa məcbur olması, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumat verib.
Lord Northbook Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını deyib. “İki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini”, deyən Lord Northbook yaxın zamanlarda Azərbaycana səfər etmək niyyətində olduğunu da bildirib.
Q. Paşayeva həmçinin Belçikada Flaman Bölgənin Türk kökənli millət vəkili Güler Turanla görüşdə də Xocalı Soyqırımından danışıb.
Görüş zamanı millət vəkili Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsi illərində Ermənistanın etnik təmizləmə siyasəti apararaq 200 mindən çox azərbaycanlını Ermənistandan öz tarixi ata-baba yurdlarından, torpaqlarından zorla çıxarması, Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə ətraflı məlumatlar verib.