Qəbələdə Beynəlxalq Gənclər Forumu keçirilir
02 oktyabr 2014 12:18 (UTC +04:00)

Qəbələdə Beynəlxalq Gənclər Forumu keçirilir

Qəbələ rayonunda “Nifrət Nitqinə Yox Hərəkatı” Beynəlxalq Gənclər Forumu öz işinə başlayıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində keçirilən Forumda Azərbaycan hökumətinin və Avropa Şurasının nümayəndələri iştirak edir. Oktyabrın 5-dək davam edəcək Forum Azərbaycanın Avropa Şurasına sədrliyi çərçivəsində Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Avropa Şurası, AŞ-nın Demokratik Vətəndaşlıq və İştirak Direktoratının Gənclər Departamenti tərəfindən həyata keçirilir. Foruma Avropanın 47 ölkəsindən 250-yə yaxın nümayəndə qatılıb. Forumun məqsədi “Nifrət Nitqinə Yox Hərəkatı” çərçivəsində milli və Avropa səviyyəsində fəal olan gənc insanları və digər iştirakçıları bir yerə toplayıb, təcrübələrini, nailiyyətlərini və gözləntilərini bölüşmək, hərəkatın davamlılığına və məsləhətləşmələrinə töhfə verməkdir. Forumda nifrət nitqi və ayrı-seçkilik kimi məsələlər üzrə yerli və xarici iştirakçılarla birlikdə qrup işləri və müzakirələr aparılacaq. Müzakirələr zamanı iştirakçıların fikirləri və təklifləri dinləniləcək.

 

Qeyd edək ki, “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyası Avropa Şurası tərəfindən həyata keçirilir və onun üzvü olan ölkələrdə təşkil olunan kampaniyalara əsaslanır.

 

Kampaniya 2012-2014-cü illər üzrə həyata keçirilən “Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi” layihəsinin bir hissəsidir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyasının Azərbaycan üzrə əlaqələndiricisidir. Gənclər Təşkilatları Milli Şurası 2013-cü ilin aprel ayından etibarən Avropa Şurasının “No Hate Speech Movement”-“Nifrət Nitqinə Yox Hərəkatı”na qoşulub və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirib. Bunlar sırasına Beynəlxalq Gənclər Gününə həsr edilən Gənclər Həftəsi, “No Hate Speech Movement”-“Nifrət Nitqinə Yox Hərəkatı” fotosərgisi və bir sıra müxtəlif tədbirlər aiddir. Bundan başqa, Kampaniyanın andı Azərbaycan tərəfindən hazırlanıb və Avropa Şurasına təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 677
avatar

Oxşar yazılar