İsrailin Yokneam şəhər merinin başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonuna səfər edib.
APA-nın yerli bürosunun xəbərinə görə, nümayəndə heyəti əvvəlcə Qəbələ Mədəniyyət Mərkəzində milli müğam üçlüyünün və "Zopu-zopu" folklor etnoqrafik rəqs ansamblının ifalarına tamaşa ediblər.
Sonra nümayəndə heyəti “Gilan” Qida Şəhərciyindəki sənaye obyektləri, Qəbələ regional “ASAN Xidmət” Mərkəzi ilə tanış olub, “ASAN ödəniş” terminallarının iş prinsipi ilə maraqlanıb, Qəbələ rayon İcra Hakimiyyətinin inzibati binası və Heydər Əliyev Konqres Mərkəzi ilə tanış olub. Konqres mərkəzində keçirilən görüşdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev israilli qonaqlara Qəbələnin tarixi, iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə məlumat verib. İcra Hakimiyyətinin başçısı Qəbələnin cəlbedici turizm bölgəsi olması ilə yanaşı, beynəlxalq əhəmiyyətli mədəniyyət, incəsənət tədbirlərinə, idman yarışlarına da ev sahibliyi etdiyini nəzərə çatdırıb.
Nümayəndə heyətinə başçılıq edən Yokneam şəhərinin meri Simon Alfasi öz növbəsində Qəbələyə səfərinin çox böyük əhəmiyyət kəsb etdiyini, Yokneam və Qəbələ arasında əlaqələri yüksək qiymətləndirdiyini bildirib. S. Alfasi təbiətin Qəbələyə bəxş etdiyi füsunkar gözəlliklərin canlı şahidi olduğunu diqqətə çatdırıb. Mədəniyyət və turizm sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin davam etdirilməsindən söz açan S.Alfasi bunun Yokneam və Qəbələ şəhərləri arasında iqtisadi əməkdaşlığın və turizmin inkişafına təkan verəcəyini qeyd edib.
Görüş zamanı Yokneam şəhərinin meri S. Alfasi və Qəbələ rayon İcra Hakimiyyətinin başçısı S. Abdullayev tərəfindən “Yokneam və Qəbələ arasında münasibətlərin yaranması haqqında” Memorandum imzalanıb. İmzalama mərasimindən sonra tərəflər bir-birinə xatirə hədiyyələri təqdim edib.
Sonra İsrail nümayəndə heyəti rayonda fəaliyyət göstərən digər sənaye müəssisələri, müasir memarlıq üslubunda inşa olunmuş tikililər, tarixi abidələr və turizm obyektləri ilə yaxından tanış olublar.
Nümayəndə heyətini İsrailin ölkəmizdəki səfiri Dan Stav müşayiət edib.