Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin bu gün Qars şəhərində keçirilən üçtərəfli iclasında iştirakı çərçivəsində nazir Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb. XİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Türkiyə arasında qardaşlığa və dostluğa əsaslanan strateji münasibətlərin inkişafının səviyyəsindən məmnunluq ifadə olunub.
Üçtərəfli formatda Azərbaycan, Gürcüstan və Türkiyə arasında keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və çiçəklənməyə töhfə verdiyi xüsusilə vurğulanıb.
Tərəflər Trans-Anadolu təbii qaz boru kəmərinin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini qeyd ediblər.
Görüşdə həmçinin regionda və dünyada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili iştirak edir.
Qeyd edək ki, toplantıdan əvvəl Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirləri arasında ikitərəfli görüşlər keçirilib.