Prezident İlham Əliyev bu gün Türkiyənin elm, sənaye və texnologiyalar naziri Fikri İşıkın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, nazir Fikri İşık Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Əhməd Davudoğlunun salamlarını dövlət başçısına çatdırıb. O, Bakıda keçirilən “BakuTel-2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisinin əhəmiyyətini vurğulayıb. Fikri İşık Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının elm və texnologiyalar üzrə nazirlər toplantısında iştirak edəcəklərindən məmnun olduqlarını deyib.
Türkiyəli həmkarı Rəcəb Tayib Ərdoğan ilə dekabrın 1-dəki telefon söhbətini xatırladan prezident İlham Əliyev bir daha Türkiyə tərəfindən Azərbaycanın “G-20”nin tədbirlərinə və zirvə toplantısına dəvət edilməsini ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin yaxşı göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı ölkələrimiz arasında bütün sahələrdə uğurla inkişaf edən əməkdaşlığın elm və yüksək texnologiyalar sahəsində də daha da genişləndirməyin önəmini qeyd edib.
Türkiyəli nazir bildirib ki, biz hamımız Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin “bir millət iki dövlət” fəlsəfəsinin daha da möhkəmləndirilməsində səylərimizi əsirgəməməliyik.
Dövlət başçısı İlham Əliyev prezident Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Əhməd Davudoğlunun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.